Nankində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında taekvondoçumuz Səid Quliyev qızıl medal qazanaraq bütün ölkəmizə sevinc bəxş etdi. Taekvondo üzrə ilk Olimpiya qızılının sahibi olan Səidin uğuruna məşqçiləri yaxınları ilə yanaşı, sözsüz ki, ən çox sevinən ailə üzvləri oldular.
Bugünlərdə Səid Quliyevin ailəsinin qonağı olduq. Səidin atası Qalib müəllimin, anası Yelena xanımın, övladları Şamil, Orxan və Əkbərin sevincinin həddi hüdudu yox idi.
Mənim üçün nailiyyətlərdən çox övladlarımın sağlamlığı, xoşbəxtliyi və düzgün tərbiyəsi daha vacibdir deyən Yelena xanım müsahibəni Qalib müəllimdən almağımızı istədi. Övladlarını peşəkar idmançı kimi görməyi arzulayan Qalib müəllim isə Səid haqqında, onun qazandığı uğurlar barədə ağızdolusu danışdı. Bu səmimi söhbətə ailənin digər peşəkar idmançıları, hazırda tanınmış idmançımız Mehman Əzizovun rəhbərliyi altında cüdo ilə məşğul olan Şamil, Orxan və Əkbər də böyük həvəslə qoşuldular.
Qələbə sevincini sözlərlə ifadə etməkdə çətinlik çəkdiyini deyən Qalib müəllim elə müsahibəmizə Səidin əldə etdiyi ən böyük uğurdan, Olimpiya çempionluğundan başladı:
- Bu uğuru uzun müddət idi ki, gözləyirdik. Səid idmanda çox əziyyət çəkib. Ona idmanda hər zaman dəstək olmuşam. Yeri gələndə, ona məşqçi kimi də köməyimi əsirgəməmişəm. Səid əvvəlcə karate ilə məşğul olub. İdmana qədəm qoyduğu ilk günlərdən onda bu potensialı gördüm. Ö qədər özünə inamlı idi ki, bilirdim ki, iştirak etdiyi hər bir yarışda medal qazana bilər. Qatıldığı ilk respublika çempionatında çempion adını qazandı. Bu ona daha böyük əminlik qazandırdı. Artıq növbəti dəfə ölkə çempionatında qalib olacağını bilirdi. Hətta maraqlı bir məqamı da xatırlayıram. Döyüşə çıxmazdan əvvəl gördüm ki, tək oturub fəxri kürsünün üstündə nə isə fikirləşir. Onu yanıma çağıranda dedi ki, birinci yer mütləq mənim olacaq. Belə də oldu. Bu cür qələbə ruhunu onda görəndə anladım ki, Səid hələ bizi daha da böyük uğurları ilə sevindirəcək. Qeyd edim ki, Səid əvvəlcə məşqçi Qurban Tağıyevin rəhbərliyi altında karate ilə məşğul olurdu. 2004-cü ildən 2012-ci ilə kimi o karate idman növü ilə məşğul oldu. Səidlə yanaşı, kiçik qardaşları Şamil, Orxan və Əkbər də Qurban müəllimin rəhbərliyi altında bu idman növünə gedirdilər. İndi digər övladlarım 13 saylı Olimpiya Ehtiyatları məktəbində Mehman Əzizovun rəhbərliyi altında cüdo ilə məşğul olurlar. Onlar da respublika və paytaxt səviyyəli yarışlarda yüksək uğurlar qazanıblar. Bir məqamı deyim ki, övladlarımın bəxti onda gətirib ki, onlar yaxşı məşqçilərin rəhbərliyi altında məşq ediblər. Səidin ən böyük arzusu Olimpiya çempionu olmaq idi. Karate Olimpiya idman proqramında yer almadığı üçün Səidin taekvondo idman növü ilə məşğul olmasına qərar verdik.
- Bəs övladlarınızın idmana gəlişini necə xatırlayırsınız?
- Əvvəllər karate idman növü televiziya vasitəsilə çox reklam olunurdu. Mənim də idmana böyük həvəsim var idi. Buna görə də övladlarımın peşəkar idmançı olmalarını arzulayırdım. Beləliklə Səidgili karate məşqlərinə yazdırdım. Sonradan Səid taekvondo, Şamil, Orxan və Əkbər isə cüdonu seçdilər. Səidin şəxsi məşqçisi Sənan Həşimovu bir taekvondo məşqçisi kimi tanıyırdıq. Bir gün karateçi Rafael Ağayev bizə zəng edib görüşmək istədiyini bildirdi. Onunla görüşüb taekvondo üzrə ölkə çempionatını izləməyə getdik. Birdən üzümü Səidə tutub dedim: «Taekvondo üzrə döyüşə bilərsən?». O isə «hə» cavabını verdi. Sonra Səid Sənan müəllimin rəhbərliyi altında taekvondo məşqlərinə başladı.
- Maraqlıdır, övladlarınızın dördü də idmanla peşəkar şəkildə məşğul olur. Bəs siz necə idmanla məşğul olmuşdunuzmu?
- Vaxtilə cüdo və karate ilə məşğul olmuşam. Təəssüf ki, o vaxtlar bu sahəyə indiki kimi diqqət və qayğı olmadığından sonradan idmanı buraxdım. Onu da deyim ki, ailədən başqa, hər hansı uşağın idmanda uzun müddət qalmasında məşqçinin rolu böyükdür. Səidin ilk məşqçisi Qurban Tağıyev ona idmanda düzgün istiqamət verdi. Taekvondo da isə şəxsi məşqçisi Sənan Həşimov onunla ciddi məşğul oldu. Milli komandanın heyətində yer aldıqdan sonra Səid yığma komandanın baş məşqçisi Məmməd Abdullayevin rəhbərliyi altında məşqlərini davam etdirdi. Məmməd müəllimin Səidin beynəlxalq arenalarda uğur qazanmasında böyük zəhməti var. Peşəkar məşqçi idmançının xarakterini bilməli, ona fərdi yanaşmağı bacarmalıdır.
- Övladlarınızın arasında indiyədək idmanda ən yüksək nailiyyəti Səid qazanıb. Bu uğur bundan sonra uşaqlar arasında qısqanclıq yaratmayacaq ki?
- Övladlarım arasında idman nailiyyətlərinə görə, məni indiyədək ən çox Səid sevindirib. O kiçik yaşlarından qələbə qazanmağa, birincilik əldə etməyə meyilli olub. Yadımdadır, hələ karate ilə məşğul olduğu dövrlərdə Səid tanınmış karateçi Rafael Ağayevlə birgə yarışlardan vətənə çempion kimi dönərdi. Oğlum Rafael kimi peşəkar idmançıların yanında böyüdü, qələbəni necə qazanmaq lazım olduğunu dərk etməyə başladı. Taekvondoda peşəkar məşqçilərin rəhbərliyi altında məşq etdi. Səid cəmi iki ildir, taekvondo ilə məşğul olur. Qısa zaman ərzində bu cür nailiyyət qazanması əlbəttə ki, onun məşqçilərinin peşəkarlığından xəbər verir. Məşqçiləri onu inandırdılar ki, Səid təkcə karatedə deyil, taekvondoda da nailiyyət qazana bilər. Buyaxınlarda Səid gənclər arasında dünya çempionatında ikinci oldu. O, finalda döyüşün sonuna 17 saniyə qalmış uduzmuşdu. Yarışdan sonra dedi ki, yaxşı ki, ikinci oldum. Mən təəccübləndim və soruşdum ki, niyə belə deyirsən? Dedi ki, həmin yarışda udsaydım, bəlkə də özümü qarşıdakı qələbələrə kökləyə bilməzdim. Özü də dedi ki, mən Olimpiya çempion olacağam.
- Səidi Olimpiiadaya yola salarkən ona hansı tövsiyələri verdiniz?
- Ona dedim ki, hara gedirsən get, «Səid» ol. Qalanı düzələcək. O yarışa psixoloji cəhətdən yüksək səviyyədə hazırlaşmışdı. Hətta bəzən biz məşqçiləri ilə birgə onun yerinə həyəcan keçirirdik. O isə deyirdi ki, mən çox sakitəm və özümə inanıram, sizin narahatçılığınız məni də həyəcanlandırır. Dövlətimizin idmana qayğısı, Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyi tərəfindən taekvondoçulara yaradılan şəraitin məsuliyyətini Səid də hiss edirdi.
- Qalib müəllim, Səid xaraktercə necə insandır?
- Səid təbiətcə çox sakitdir. Hərdən qohumlar, tanışlar mənə deyirlər ki, Qalib, Səidin dostu var? Deyirəm onun dostu çoxdur. Sadəcə o çox nəzakətli, nizam-intizamlı uşaqdır.
- İdman Səid üçün nə deməkdir?
- İdman Səid üçün hər şey deməkdir. Səid həyatını idmansız təsəvvür etmir. Maraqlı bir hadisəni danışım. Bir dəfə məşqdə Səidin qolu qırılmışdı. Onu yaxınlıqdakı xəstəxayana apararaq qolunu gipsə qoydurduq. Qayıdanda dedim zala gir idman çantanı götür gedək evə. Bir az çöldə Səidi gözlədim, gördüm ki, gəlmir. Zala daxil olanda gördüm ki, Səid kimononu geyinib, əli gipsdə döyüş işləyir. İsti yay günlərində məşqçisi onu evə buraxanda, Səid həmişə ağlayar və məşq etmək istədiyini bildirərdi. O, idmana həddindən artıq bağlıdır.
- Həyat yoldaşınız necə, övladlarınızın idmanla məşğul olmasına etiraz etmir ki?
- Həyat yoldaşım da, anam da, uşaqların təhsilin arxasınca getmələrini istəyirdilər. Amma mən övladlarımda idmana olan istedadı görürdüm. Buna görə də həmin istedadı söndürə bilməzdim. Amma Yelena Səidin döyüşlərinə baxa bilmir. O, Səidin çıxışlarını izləyərkən bir ana kimi çox həyəcan keçirir.
- Nankində Səidin çıxışlarına canlı baxırdınız? Qələbə anını izləyərkən hansı hissləri keçirdiniz?
- Bu məqam çox maraqlı oldu. Evdə hamımız yığışıb internet vasitəsilə Səidin döyüşlərini canlı izləyirdik. Səid Nankindəki rəqiblərini yaxşı tanıyırdı və onlarla əvvəlki yarışlarda qarşılaşmışdı. Budəfəki, döyüşlər fərqli oldu. Orada tamamilə fərqli abu-hava yaşanırdı. Bildiyiniz kimi internet vasitəsilə çıxışlar 20 saniyə gec yayımlanır. Döyüşün başa çatmasına 20 saniyə qalmış hesab 7:4- idi. Həmin məqamda mənə Çindən zəng gəldi. Telefonu açdım və yalnız bu sözləri eşidirdim: «Səid çempiondur». (Bu məqamda Qalib müəllim göz yaşlarını saxlaya bilmir). Bunu sadəcə yaşamaq lazımdır. Həmin anları sözlə ifadə etmək çətindir. Səidin qələbəsindən sonra telefonum susmurdu. Həmin gün Səidlə danışa bilmədik. Növbəti gün şəxsi məşqçisi Sənan Həşimov bizə zəng etdi. Dedi ki, gör sizi kimlə danışdıracağam, Olimpiya çempionu ilə. Elə telefonda ikimizi də ağlamaq tutdu. Bir-birimizə bir kəlmə söz belə deyə bilmədik.
Bu məqamda Səidin qardaşları da söhbətə qoşulurlar.
Şamil: Səidin qələbəsinə çox sevindik. Qardaşım bu uğuru ilə adını tarixə yazdırdı. O taekvondo idman növündə ilk Olimpiya qızılını qazandı. Bu cür uğur hər kəsə nəsib olmur. Onunla internet vasitəsilə əlaqə saxlayırıq. Səidi səbirsizliklə gözləyirik.
- Bəs Səidi yarışlara necə yola salmışdınız? Ona necə dəstək vermişdiniz?
- Qalib müəllim: Yarışlarqabağı Əkbər Səidə deyirdi ki, mən sənin massajistinəm. Orxan isə dedi ki, mən də fiziki məşqlərinə cavabdehəm.
Sizcə cüdo çətindir yoxsa taekvondo?
Şamil: Hər bir idmanın öz çətinliyi var.
- Evdə heç əlbəyaxa davanız düşürmü?
Orxan: Belə hallar demək olar ki, hər gün baş verir. Əkbər: Birlikdə məşq də edirik. Səid bizə, biz də Səidə idmanla bağlı öz məsləhətlərimizi veririk.
Qalib müəllim: Bunlar üçü də birləşərək Səidi təkləyirlər (gülür)
Evdə hansı məşqləri yerinə yetirirsiniz?
Şamil: Bizim evdəki məşqçimiz atamızdır. O hərdən evdə, bəzən isə hətta müxtəlif rayonlara bizi apararaq məşq keçir (gülür).
Qalib müəllim: Bəzən uşaqları yığıb stadiona aparıram. Qarovulçu əlimdə fit və qeyd kitabçamı görəndə elə bilir məşqçiyəm və bizim stadiona daxil olmağımıza şərait yaradır. Bəzən rayonlara gedərkən uşaqları fiziki məşq etdirirəm. Adətən səfərimiz Lerik rayonuna olur. Ora gedəndə Səid deyir, vaxt gələcək, burada bir idman bazası açaraq açarlarını sənə təqdim edəcəyəm, ata.
- Səid gedərkən, öz aranızda onun hansı nəticəni qazanacağı ilə bağlı proqnoz vermişdiniz.
Şamil: Bu Allahın qismətidir. Biz sadəcə, Səid üçün dua edirdik.
- Gələndə Səidə nə süpriz etmək fikrindəsiniz?
- Əkbər: Boynuna qonaqlıq qoyacağıq.
- Səidin böyüklər arasında Olimpiya çempionu olmaq şanslarını necə dəyərləndirirsiniz?
Qalib müəllim: Onun şansları böyükdür. Ondakı qələbə əzminə, xarakterinə görə deyə bilərəm ki, o bu qələbəyə çox yaxındır.
- Sizcə Səid ən çox hansı keyfiyyətinə görə çempion oldu?
Qalib müəllim: - Səidin heç vaxt özünə yazığı gəlməyib. O əziyyətinin, aramsız məşqlərinin bəhrəsini gördü. Səid məşqdə yorulmaq nə olduğunu bilmir.
- Bəs onun yarışlara psixoloji cəhətdən hazırlığı nə ilə fərqlənir?
Qalib müəllim: Bu işdə əsas yük məşqçilərin üzərinə düşür. Dekabrdan indiyədək Səid cəmi 10 gün evdə olub. O bütün ili məşqlərdə, yarışlarda olub. Səidlə bizim hobbimiz balıq ovuna çıxmaqdır. Bəzən olub ki, Səid hər hansı yarışda çempion olub. Amma məşqçisi hiss edib ki, o psixoloji cəhətdən yüklənib. Belə olan halda məşqçi bir qədər gərginlikdən ayırmaq üçün Səidi şəhərdən kənara aparmağımı tövsiyə edib. Bəzən elə olur ki, idmançı həddən çox yükləndiyindən tatami üzərinə çıxmamalıdır. Mənimlə təklikdə Səid istər-istəməz öx daxili aləmini bölüşüb. Belə söhbətlərimiz zamanı Səidə sual verərdim ki, niyə finala qədər böyük xal fərqi ilə rəqiblərini udduğun halda, sonda bir iki xal fərqi ilə uduzursan?. O isə deyirdi ki, son saniyələrdə diqqətimi vaxtın başa çatmasına yönəldirəm və bütün fikirlərim, qələbə qazanmaqla bağlı olur. Belə hallar onun fikrini qarışdırır. İdmançı ilə nə qədər çox ünsiyyətdə olsan, onu kənardan izləyib səhvlərini başa salsan, o növbəti yarışlarda bir o qədər yaxşı çıxış edər. Yarışqabağı deyirdi ki, mən Olimpiya çempionu olacağam. Onun özünə inamlı olması çox yaxşı keyfiyyətdir.
- Şamil, siz də Səid kimi nə vaxtsa Olimpiya çempionu adını qazanacağına inanırsınız? Bundan sonra siz də Səidə güclü olduğunuzu sübut etməyə çalışacaqsınızmı?
- Əlbəttə ki, məşqləri istər-istəməz artırmalıyıq ki, qardaşımız kimi böyük nəticələr qazanaq.
Qalib müəllim: Səid Olimpiya çempionu olandan sonra övladlarımın hamısı başıma yığılmışdı. Onlara dedim ki, bundan sonra sizin vəziyyətiniz ağır olacaq. Səid daha Olimpiya çempionudur. (gülür) Komandanın içində həmişə bir lider olmalıdır. Məncə, onlar Səiddən çox şey öyrənməlidirlər.
Aysel Sultanova