Şahmat həlletməsi üzrə yığmamız Berndə yüksək nəticə göstərib

Şahmat həlletməsi üzrə yığmamız Berndə yüksək nəticə göstərib


İsveçrənin paytaxtı Bern şəhərində 57-ci Dünya Şahmat Bəstəçiliyi konqresi (57th World Congress of Chess Composition) keçirildi. Konqresin proqramına çoxsaylı həlletmə və tərtib yarışları, həmçinin Beynəlxalq Şahmat Bəstəçiliyi Federaiyasının (World Federation for Chess Composition) iclasları, yeni prezidentin seçkisi və ən əsas tədbır, şahmat məsələlərinin həlli üzrə 38-ci dünya çempionatı (38th World Chess Solving Championship) daxil idi.
Avqustun 23-30-da keçirilən bu yarışda ölkəmizi şahmat həlletməsi üzrə yığma komandanın üzvləri Araz Alməmmədov (Qəbələ), Ramil Cavadov (İsmayıllı), Zaur Məmmədov (Bakı), Nərmin Məmmədova (Bakı), Anatoli Piriverdiyev (Bakı), Kənan Vəlixanov (İmişli) və ölkəmizin bu təşkilatda nümayəndəsi və komandanın baş məşqçisi İ.Əliyev (Sumqayıt) təmsil edirdi. Ölkəmiz bu konqresdə tarix yazdı və şahmat bəstəçiliyi tarixinə imza qoydu desək, heç də yanılmarıq.
Ənənəvi olaraq konqresdə dünya çempionatı öncəsi Open-turnir keçirilir. Bu yarışda həll üçün hər bölmədə (#2, #3, etüdlər,N#, H#, S#) təqdim olunan 12 məsələ 3 saat ərzində həll edilməlidir. Qələbə uğrunda 24 ölkədən 104 şahmatçı mübarizə apardı. Qalib adını 60 mümkün xaldan 52,5 xal toplayan Anatoli Mukoseev (Rusiya) qazandı, 2-ci 48 xalla Bojan Vuckovic (Serbiya), 3-cü isə 46 xalla dəfələrlə dünya çempionu Kasper Piorun (Polşa) oldu. Azərbaycan həllçiləri arasında bu yarışda ən yaxşı nəticəni Zaur Məmmədov (Bakı) 39,5 xalla 12-ci yer tutaraq göstərdi.

38-ci dünya çempionatında 90 şahmatçı şəxsi hesabda mübarizə apardı. Çempionat 6 turdan ibarət olmaqla hər turda 3 tapşırıq, ümumi olaraq isə 18 tapşırıq təqdim olunur. Hər tapşırıqda düzgün cavaba görə 5 xal, ümumilikdə isə 90 xal verilir. Çempionat dəfələrlə dünya və Avropa çempionu olan Polşa həllçilərinin mübarizəsi ilə yadda qaldı və qalib vaxta görə müəyyən edildi. Qızıl medalı 81 xalla (332 dəqiqə) Kasper Piorun (Polşa), gümüşü isə eyni xalla, lakin 360 dəqiqə ilə Piotr Murdzia (Polşa) qazandı. Bürünc medalın sahibi isə 79,5 xalla Bojan Vuckovic (Serbiya) oldu.
Dünya çempionatında komanda hesabında 23 komanda mübarizə aparırdı. Çempionatda qalib adını 162 xalla dəfələrlə dünya və Avropa çempionu olmuş Polşa yığması (Kasper Piorun, Piotr Murdzia, Aleksandr Mista) qazandı. Gümüş medalı isə 150,5 xalla dünya şahmat həlletməsi tarixində ilk dəfə olaraq, Azərbaycan yığması (Araz Alməmmədov - 67 xal, Zaur Məmmədov - 65 xal, Ramil Cavadov 60 xal) əldə etdi. Bürünc medalı 148,5 xalla İsrail (Ofer Comay, Mark Erenburg, Omer Friedland) komandası qazandı. Bu nəticə ilə ölkəmizin komandası dəfələrlə dünya və Avropa çempionları Serbiya, Ukrayna, Rusiya, Almaniya və Böyük Britaniya kimi komandaları geridə qoydu.
Gənclər arasında dünya çempionatının nəticələri isə aşağıdakı kimi müəyyən edildi: 1-ci Kasper Piorun (Polşa), 2-ci Zaur Məmmədov (Bakı), 3-cü isə Tomas Peiti (Slovakiya).
Nərmin Məmmədova (Bakı) isə bütün həlletmə yarışları tarixində qadınlar arasında ən yüksək nəticəni göstərdiyi üçün (54 xal) xüsusi diplomla mükafatlandırıldı.
Dünya çempionatında ilk 32 yeri tutan şahmat həllçisi, ənənəvi olaraq, "Solving şou” yarışında öz qüvvəsini sınayır. Burada qalib adını 14 xalla, dəfələrlə dünya çempionu, beynəlxalq qrossmeyster John Nunn (Böyük Britaniya) qazandı. 2-ci yeri eyni xalla Marjan Kovacevic (Serbiya), 3-cü yeri isə 13 xalla Van Beers Eddy (Belçika) tutdu. Araz Alməmmədov 10 xalla 7-ci, Zaur Məmmədov isə 8 xalla 20-ci oldu.
Konqresdə ilk dəfə olaraq, "Azersun” şirkətinin dəstəyi ilə Kənan Vəlixanovun təklif etdiyi və şahmat bəstəçiliyi nəzəriyyəsində yer alan "Qarabag” mövzusu ilə "1-ci Azərbaycan Yardımmat yarışı” (1st Azerbaijan Helpmate tourney for WCCC) təşkil olundu. Qeyd edim ki, "Qarabağ” mövzusu tərtib üçün çox çətin mövzu olmasına və tərtibə qısa müddət verilməsinə baxmayaraq, yarışımız çox böyük marağa səbəb oldu və 8 ölkədən 11 müəllif 14 məsələ ilə iştirak etdi.
Konqresdə həmçinin şahmat bəstəçiliyi üzrə 3-cü Dünya kubokunun və 10-cu Beynəlxalq Həlletmə yarışının (10st International Solving Contest) bağlanış mərasimi keçirildi.
İkigedişli məsələlərin tərtibi üzrə 3-cü Dünya kubokunun qalibi Kənan Vəlixanova (İmişli) kubok və diplom təqdim olundu. Kənan Vəlixanova həmçinin "Soçi Olimpiadası” yarışında 5-ci yerə görə medal təqdim olundu. Kənan konqresdə təşkil olunan bir sıra tərtib yarışlarında da uğur qazandı. Tanınmış şahmat bəstəçisi Abdelaziz Onkoudun (Mərakeş) təşkil etdiyi ikinci "Azemmour” (ərəbcə zeytun deməkdir) yarışında da onun iki məsələsi uğur qazandı (6-cı mükafat və 1-ci tərifnamə).
"10-cu Beynəlxalq Həlletmə” yarışında isə Sumqayıt şahmatçıları fərqləndilər. Misrətdin İskəndərov (Sumqayıt) gənclər arasında 2-ci, Ceyhun Hüseynzadə (Sumqayıt) isə 2-ci kateqoriyada yarışın qalibi adını qazandılar.
Son yarışların nəticələrinə görə Araz Alməmmədov və Ramil Cavadov həlletmə üzrə beynəlxalq usta (FIDE Solving International Master), Misrətdin İskəndərov isə FİDE ustası (FIDE Solving Master) adını aldı.
Çox sevindirici haldır ki, ölkəmizin İsveçrədəki konsulu Vüqar Əliyev dünya çempionatının bağlanışında iştirak etdi. Onun uğurumuzu təbrik etməyə gəlməsi komandanın sevincini daha da artırdı. Fürsətdən istifadə edib, ölkəmizin İsveçrədəki səfirliyinə və onun əməkdaşlarına xüsusi minnətdarlığımızı bildiririk.
Beynəlxalq Şahmat Bəstəçiliyi Federasiyasının (WFCC) iclasında səs çoxluğu ilə federasiyanın prezidenti yenidən Harry Fougiaxis (Yunanıstan) seçildi. Səsvermə ilə 1-ci vitse-prezident Hannu Harkola (Finlandiya), 2-ci vitse-prezident Georgi Yevseyev (Rusiya), 3-cü vitse-prezident isə Thomas Maeder (İsveçrə) seçildi.
Növbəti konqresin və Dünya çempionatının gələn ilin avqustunda Polşanın Ostroda, Avropa çempionatının isə Rumıniyanın Yassı şəhərində keçiriləcəyi qərara alındı.


İ.Əliyev (Sumqayıt)
milli komandanın baş məşqçisi,
əməkdar məşqçi