Nankində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında əldə olunan 5 qızıl medaldan birinə taekvondoçumuz Səid Quliyev sahib çıxdı. Qalib adını qazanan döyüşçü idman azarkeşlərinə sevinc bəxş etməklə adını taekvondo üzrə ilk Olimpiya çempionu kimi Azərbaycan idmanı tarixinə yazdırdı. Əlbəttə ki, əldə olunan bu qələbə təkcə medalla ölçülməməlidir. Bu qələbəyə gedən yolda illərlə çəkilən zəhmət dayanır. Sözsüz ki, hər hansı bir idmançının uğur qazanmasında ən vacib rolu yetirməsinə daim dayaq olan, ona bələdçilik edən, düzgün yol göstərən məşqçi oynayır. Səidin Nankindəki qələbəsində də onunla yarışlarda eyni həyəcanı duyan məşqçilərinin böyük payı var.
Taekvondo üzrə Olimpiya çempionumuz Səid Quliyev bugünlərdə gənclərdən ibarət yığmanın baş məşqçisi Məmməd Abdullayevlə birgə redaksiyamızın qonağı oldu. Məmməd müəllim söhbətimizə bu möhtəşəm uğura gedən yoldan başladıq.
"Çox arzulayırdıq ki, federasiyaya Olimpiya medalını bəxş edək”
- Bu uğuru çox gözləmişik. Bildiyiniz kimi, 2012-ci ilin sonunda Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyi tərəfindən federasiya daxilində bir sıra dəyişikliklər edilmişdi. Yeni məşqçilər heyətinin özünü təsdiqləməsi üçün Olimpiya oyunlaında uğurun əldə olunması çox vacib idi. Son iki ildə Azərbaycan Taekvondo Federasiyasının məşqçilər heyəti gərgin əmək sərf etdi. Böyüklərlə yanaşı, gənclərdən ibarət yığma üzvləri də 2012-ci ildən etibarən Avropa və dünya çempionatı kimi mötəbər yarışlarda, beynəlxalq turnirlərdə iştirak edərək uğurlar qazanmışdılar. Ən böyük arzumuz Olimpiya oyunlarında taekvondo üzrə medalın əldə olunması idi. İlk medal Nankində qazanıldı. 1 qızıl, 1 gümüş medal - bu yüksək nəticədir. Sevindirici haldır ki, əziyyətimiz hədər getmədi. Biz məhz Olimpiya oyunlarında öz sözümüzü deməli, sübut etməli idik ki, Olimpiya medalını qazana bilərik. Əldə olunan nəticə işimizin düzgün istiqamətdə həyata keçirildiyini bir daha nümayiş etdirdi.
Əlbəttə bütün bu uğurlar Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin ölkəmizdə idmana göstərdiyi diqqət və qayğının nəticəsidir. Azərbaycanda digər idman növləri kimi, taekvondoya da xüsusi qayğı ilə yanaşılır. Fürsətdən istifadə edib, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərova taekvondoçularımızın yarışlarda, təlim-məşqlərdə iştirakı üçün yaratdığı şəraitə və bizə verdiyi dəstəyə görə minnətdarlığımı bildirirəm. Eləcə də Azərbaycan Gənclər və İdman Nazirliyinin rəhbərliyi bizə yaxından kömək oldu. Bugünlərdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev Nankində uğur qazanan nümayəndə heyətini qəbul edərək, mükafatlandırdı. Sevindirici haldır ki, biz idmançılara ölkə rəhbərliyi tərəfindən bu cür diqqət və qayğı ilə yanaşılır.
Federasiyanın fəaliyyəti dövründə biz taekvondo idmanında Olimpiya medalına çox yaxın olmuşuq. 2004-cü ildə Afinada keçirilən Olimpiya oyunlarında taekvondoçumuz Rəşad Əhmədov Olimpiya medalına çox yaxın olub. Amma onun bəxti gətirməyib. Bu baxımdan üzərimizə böyük məsuliyyət düşürdü. Onu da deyim ki, bu illər ərzində Olimpiya medalını qazana bilməsək də, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov bizdən diqqət və qayğısını əsirgəməyib. Çox arzulayırdıq ki, taekvondo idman növündə ölkəmizə Olimpiya medalı qazandıraq. İndiyədək taekvondoçularımız dünya və Avropa çempionatları, İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışlardan medallar əldə etsələr də, mükafatlarımız arasında Olimpiya medalı yox idi. Bizə göstərilən diqqət və qayğı ölkəmizdə idmana göstərilən qayğının bariz nümunəsidir. Bu gün bu medal gənclər arasında əldə olundu. Arzu edirəm ki, 2016-ci ildə taekvondo azarkeşlərini böyüklər arasında Olimpiya medalı ilə sevindirək. Sözsüz ki, bu uğurun əldə olunmasında məşqçilərimizin də əziyyətini unutmaq olmaz. İdmançının yığma komandaya cəlb olunanadək düzgün istiqamətləndirilməsində şəxsi məşqçisinin böyük rolu var. Qazanılan nailiyyətdə zəhməti olan hər bir kəsə öz dərin minnətdarlığımı bildirirəm. Yığma komandanın böyük məşqçisi Zahid Məmmədov, eləcə də Səidin şəxsi məşqçisi Sənan Həşimovun böyük zəhməti var. Hətta mən deyərdim ki, Səidin valideynləri, qardaşları, komanda yoldaşları da onun qələbəsində böyük pay sahibidirlər. Fürsətdən istifadə edib, əməyi keçən hər bir kəsə öz minnətdarlığımı bildirirəm.
- Məmməd müəllim, taekvondoçularımızı yarışqabağı necə dəstəkləyirdiniz?
- Onlara əsas tövsiyəm o idi ki, tatami üzərinə yüksək əhval-ruhiyyədə, döyüş ruhunda çıxsınlar. Yığmamızın üzvlərinin gücünə bələd idim. Amma taekvondoda bəxt amili böyük rol oynayır. Buna görə də ən çox onların təsadüf nəticəsində məğlub olmalarından ehtiyat edirdim. Bu, idmandır və idmanda əvvəlcədən proqnoz vermək mümkün deyil. Daxilimdə həyəcan hissi keçirsəm də, bunu idmançılara hiss etdirməməyə çalışırdım. İstəyirdim ki, onlar məşqlərdə olduğu kimi, yarışlarda da öz imkanlarını lazımi səviyyədə nümayiş etdirsinlər. Buna görə də əsas tövsiyəm o idi ki, uduzmaqdan qorxmasınlar. Necə deyərlər, onların həyəcanını öz üzərimə götürmüşdüm. Bu həyəcan məndə iki il idi ki, davam edirdi. Hətta ailə üzvlərim də bunu hiss edirdilər. Qeyd edim ki, bir idmançını iki il ərzində yüksək formada saxlamaq çox çətindir. Amma şükürlər olsun ki, əziyyətimiz hədər getmədi. Səidin uğuru sayəsində Olimpiya oyunlarında Azərbaycanın himni səsləndirildi. Bundan gözəl heç nə nə ola bilməz. Qələbə anını xatırladıqca qürur hissi keçirirəm.
"Həyəcandan yata bilmirdim”
- Qələbə anını necə xatırlayırsınız?
- Olimpiya kəndində digər idman növləri üzrə komandalarımıza rəhbərlik edən məşqçilərlə birgə qalırdıq. Gecələr həyəcandan yata bilmirdim. Bəzən Səidin qələbə anı, bəzən isə məğlubiyyət anı gözümün önündə canlanırdı. Allaha yalvarırdım ki, bizə bircə məğlubiyyət acısını daddırmasın. Səhəri gün Səidi görəndə ona dedim ki, narahat olma, sən mütləq Olimpiya çempionu olacaqsan. Əsas məsələ idmançını düzgün istiqamətləndirməkdir. Peşəkar məşqçi kimi deyə bilirəm ki, idmançını təkcə taktiki-texniki cəhətdən yox, psixoloji cəhətdən də yarışa yüksək səviyyədə hazırlamaq lazımdır. İdmançı məşqçiyə, məşqçi isə idmançıya inanmalıdır. Onu da deyim ki, Olimpiya oyunlarının həyəcanı digər yarışlardan tamamilə fərqlənir.
Final qarşılaşması zamanı Səid tatamiyə çıxanda ona dedim ki, sərbəst ol. İlk raund 2:0 hesabı ilə rəqibin xeyrinə başa çatdı. Səidin qələbəsinə çox inanırdım. Ona dedim ki, sən mütləq qalib gələcəksən. Belə də oldu. Növbəti raunlarda da Səid üstünlüyü ələ aldı.
Həmin an yaşadığım hissləri sözlərlə ifadə edə bilmirəm. Göz yaşlarımı saxlaya bilmədim. İllərin həyəcanı bir anın içərisində yoxa çıxdı. Bu təkcə, Səidin yox, Olimpiya komandamızın qələbəsidir.
- Səidin rəqibləri barədə nə deyə bilərsiniz?
- Səidin rəqibləri arasında zəif idmançı yox idi. Onun Kolumbiyadan olan ilk rəqibi yüksək texnikaya malik idi. Buna baxmayaraq, Səid qələbə qazanmaqda çətinlik çəkmədi. Misirli idmançı onun üçün tanış rəqiblərdən idi. Səid həmin taekvondoçu ilə dünya çempionatında qarşılaşmışdı. Səid düzgün taktiki gedişlər sayəsində rəqibinə 7:1 hesabı ilə qalib gəldi. Xatırladım ki, dünya çempionatında Səidin misirli idmançı ilə görüşü çox gərgin keçmişdi. Orada Səid bu idmançıya "qızıl xal” uğrunda mübarizədə məğlub olmuşdu. Finalda qarşılaşdığı almaniyalı idmançı bir ay yarım bundan əvvəl böyüklər arasında Avstriyada keçirilən G 1 kateqoriyalı nüfuzlu beynəlxalq turnirdə çempion adını qazanmışdı. Rəqiblər arasında güclü İran təmsilçisi də var idi. Çox gərgin keçən mübarizədə almaniyalı iranlı takvondoçuya qalib gəlmişdi. Finalda ilk raunda Səid almaniyalı idmançıya xal hesabı ilə 2:0 uduzurdu. Səidin bütün rəqiblərinin döyüş üslubunu, taktiki gedişlərini məşqlərdə yaxından öyrənərək onları təhlil etmişdik. İdmançılarımıza elə məşqlər keçirdik ki, onlar yarış zamanı inamlı olsunlar. Belə də oldu. Səid rəqibin zəif məqamlarından istifadə edərək ona 10:4 hesabı ilə qalib gəldi. Rəqiblərinə böyük xal fərqi ilə qalib gəlməsi idmançımızın yüksək səviyyəli hazırlığından xəbər verir.
- Nankində komandamızın digər üzvlərin çıxışını necə qiymətləndirirsiniz?
- Səidlə yanaşı, yığmamızın üzvü Safiye Poladdan da qızıl medal gözləyirdik. Təəssüf hissi ilə qeyd edim ki, 49 kq çəki dərəcəsində çıxış edən Safiye döyüşün sonuna 10 saniyə qalmış məğlub oldu. Ona qalib gələn Çin Taypeyi təmsilçisi sonrakı rəqiblərini asanlıqla məğlub edərək çempion oldu. Safiye bir qədər dözümlülük nümayiş etdirsə idi, o da medal qazana bilərdi. Digər idmançımız Gülhanım Yeşildalın da bəxti gətirmədi. İtaliyalı rəqibi ilə "qızıl xal” uğrunda mübarizədə xal qeydə alınmadığından qələbə qaydalara əsasən kompyuter vasitəsilə müəyyənləşdirildi. Komandamızın gümüş medal qazanan üzvü Cerenin finalda rəqibi tailandlı idmançı oldu. Etiraf edim ki, idmançımızın rəqibi kifayət qədər güclü idi. Taekvondoçumuz bizim ümidlərimizi maksimal dərəcədə doğrultdu.
- Ümumiyyətlə, Məmməd müəllim, Səid necə idmançıdır?
- Səid artıq bir neçə ildir ki, taekvondo idman növü ilə məşğul olur. Elə qatıldığı ilk yarışlardan onun istedadlı bir idmançı olduğunu aşkar etmişdik. O, tərbiyəli və nizam-intizamlıdır. Rəhbərliyim altında məşq edən idmançılara öz doğma övladlarım kimi münasibət bəsləyirəm. Amma elə səhvlər var ki, onu idmançıya bağışlamıram. Bu, xüsusilə idmançının nizam-intizamı ilə bağlı məsələlərdir. Səid mübariz olduğu qədər də həssas psixologiyaya malikdir. Bəzən yarışlarda məğlub olanda onu yenidən qələbəyə ruhlandırmaq çətin olur. Dünya çempionatında ikinci olduqdan sonra onda bir qədər ruh düşkünlüyü yaranmışdı. Səiddə mənəvi cəhətdən yorğunluq hiss edirdim. Ona 3 gün istirahət verdim. Öz fikirlərini götür-qoy etdikdən sonra məşqlərə daha da böyük həvəslə qatıldı. Peşəkar məşqçi kimi deyə bilərəm ki, idmançının fiziki hazırlığı ilə yanaşı, məşqə sevgi ilə yanaşması da vacib amildir. Əgər idmançı mənəvi cəhətdən hazır deyilsə, ən güclü mütəxəssis də ona kömək edə bilməyəcək.
"Səid böyüklər arasında da Olimpiya çempionu adını qazana bilər”
- Məmməd müəllim, ümumiyyətlə, Yeniyetmələrin II Yay Olimpiya Oyunları sizdə hansı təəssüratlar oyatdı?
- Nankində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunları yüksək səviyyədə təşkil olunmuşdu. İndiyədək Afina-2014 və London-2012 Yay Olimpiya Oyunlarında iştirak etmişəm. Qeyd edim ki, yeniyetmələr arasında keçirilən Olimpiya oyunları böyüklərin Olimpiya oyunlarından, sadəcə, yaş qrupuna görə fərqlənirdi. Olimpiya kəndində yüksək səviyyəli şərait yaradılmışdı. İdmançıların asudə vaxtlarında əylənmələri üçün hər cür şərait var idi.
Fərəhli haldır ki, Azərbaycan komandası ikinci dəfə təşkil olunan oyunlarda özünü doğrultdu. Fürsətdən istifadə edib bütün komandamızı ürəkdən təbrik edirəm. Nankin Olimpiadası yaddaşımda ən xoş xatirələrlə qalacaq. Bəlkə də, taekvondoda bu cür möhtəşəm qələbə olmasa idi, bu cür xatirələr də olmayacaqdı.
- Necə düşünürsünüz, Səid böyüklər arasında da Olimpiya çempionu tituluna yiyələnə bilərmi?
- Əlbəttə, Səid böyüklər arasında da Olimpiya çempionu adını qazana bilər. Onun yüksək potensialı var. Hazırda böyüklərdən ibarət yığmanın tərkibində gənclərdən keçmiş Avropa və dünya çempionu Məhəmməd Məmmədov, Avropa ikincisi Ayxan Tağızadə kimi istedadlı idmançılarımız var. Səid gənc yaşlarından Olimpiya həyəcanını artıq hiss edibsə, məncə, böyüklərdə də qələbə qazana bilər.
Qarşıda bizi 2015-ci ildə ölkəmizdə t
əşkil olunacaq Avropa Oyunları, 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunları gözləyir. İnanıram ki, idmançılarımız bu yarışlarda da onlara bəslənilən ümidləri doğruldaraq ölkəmizi layiqincə təmsil edəcəklər.
"Bu hissləri heç nə ilə müqayisə
etmək olmaz”
Qələbə sevincini sözlərlə ifadə etməkdə çətinlik çəkdiyini deyən Olimpiya çempionumuz Səid Quliyev də Nankindəki çıxışları, bundan sonra qazanmaq arzusunda olduğu nailiyyətlər, idmanda keçdiyi yoldan danışdı:
- Səid, Nankində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına necə hazırlaşmışdın?
- Rəqiblərimə qarşı cox ciddi hazırlaşmışdım. Olimpiadaya qızıl medal dalınca getmişdim. Hər bir idmançının taktiki, texniki gedişlərini məşqçilərimin rəhbərliyi altında təhlil edərək onların zəif və güclü cəhətlərini öyrənmişdim. Əlbəttə ki, fiziki, taktiki-texniki, psixolojji hazırlıqla yanaşı, rəqiblərim barədə ətraflı məlumata malik olmaq mənə əlavə üstünlük qazandırdı. Ən ciddi rəqiblərim Misir və Almaniya təmsilçiləri idilər. Misirli taekvondoçu ilə döyüşdə aldadıcı zərbə ilə onun zəif cəhətini elə ilk cəhddə müəyyənləşdirdim. Başa zərbə endirdikdən sonra başa düşdüm ki, bu döyüşdə qələbə qazanacağam. Finalda qarşılaşdığım almaniyalı rəqibimə də böyük üstünlüklə qalib gəldim. İlk raundda ona uduzsam da, Məmməd müəllimin tövsiyələri sayəsində növbəti raundlarda üstünlüyü ələ ala bildim.
"Bu nailiyyətin qazanılmasında mənə dəstək olan hər kəsə öz minnətdarlığımı bildirirəm”
- Yəqin ki, bu qələbə qazandığın an yaşadığın hisslər xatirindən heç vaxt silinməyəcək.
- Hakim qələbə anını elan edəndə sevincimdən qaçaraq Məmməd müəllimin üstünə tullandım. Sonra müəllimimlə birgə Azərbaycan bayrağı ilə azarkeşlər qarşısında baş əyərək onlara öz minnətdarlığımızı bildirdik. Bu hissləri heç nə ilə müqayisə etmək olmaz. Əlbəttə ki, bu, təkcə mənim uğurum deyil, bütün Azərbaycanın uğurudur. Qələbəmi Azərbaycan xalqına həsr edirəm.
Bu nailiyyətin qazanılmasında mənə dəstək olan hər kəsə öz minnətdarlığımı bildirirəm. Bugünlərdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev bizi mükafatlandırdı. Sevindirici haldır ki, biz idmançılara ölkə rəhbərliyi tərəfindən bu cür diqqət və qayğı ilə yanaşılır. Fürsətdən istifadə edib Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərova bizim üçün yaratdığı şəraitə və dəstəyə görə minnətdarlığımı bildirirəm. Bizim əsas işimiz məşqçilərimizin rəhbərliyi altında məşq edib nəticələr qazanmaqdır. Qeyd edim ki, bu qələbənin əldə olunmasında ən böyük yükü elə məşqçilərim çəkiblər. Onlar hazırlıq prosesində, yarışqabağı, yarış vaxtı mənim yanımda oldular, məni dəstəklədilər, məndə özüməinamı artırdılar. Fürsətdən istifadə edib yığma komandanın baş məşqçisi Məmməd Abdullayevə, böyük məşqçi Zahid Məmmədova və şəxsi məşqçim Sənan Həşimova öz minnətdarlığımı bildirirəm.
"Evə gəlməmişdən bir gün əvvəl badımcan dolması sifariş vermişdim”
- Evdə səni necə qarşıladılar?
- Hələ Nankində olarkən atamla əlaqə saxlamışdım. Amma telefonda ikimiz də o qədər kövrəlmişdik ki, heç bir-birimizə ürək sözlərimizi deyə bilmədik. Evə gəlməmişdən bir gün əvvəl badımcan dolması sifariş vermişdim. Bu, ən çox sevdiyim yeməkdir. Evdə hamı qələbəmə çox sevinirdi. Valideynlərim məni qucaqlayaraq bağırlarına basdılar. Fəxr edirəm ki, onlara bu cür sevinc bəxş edə bildim.
"Həyatda hər şey ola bilər, əsas odur heç vaxt ruhdan düşməyəsən”
- Bildiyimizə görə qardaşların Şamil, Orxan və Əkbər də peşəkar şəkildə cüdo ilə məşğul olurlar. Onların necə nə vaxtsa, Olimpiya çempionu adını qazanacaqlarına inanırsan?
- Bu mənim ən böyük arzularmdan biridir. Çox istərdim ki, onlar Olimpiya çempionu olsunlar. Düzdür, onların yarışlarını çox izləyə bilmirəm. Amma cüdo üzrə müxtəlif yarışlarda iştirak edərək medallar qazandıqlarının şahidi oluram. Mən çempion olduqdan sonra atam dedi ki, qardaşlarına da bu yolda dəstək ol, kömək ol ki, onlar da sənin kimi uğur qazansınlar. Düzdür, bizim idman növlərimiz fərqlidir. Amma heç vaxt onlardan öz köməyimi əsirgəmərəm.
- Qardaşlarına idmanla bağlı ən böyük tövsiyən nədir?
- Bu idmandır. İdmanda qələbə də olur, məğlubiyyət də. Həyatda hər şey ola bilər, əsas odur heç vaxt ruhdan düşməsinlər. Daim qələbəyə doğru irəliləyəsən.
- Səncə qələbə qazanmağına ən çox nə kömək oldu?
- Məncə rəqiblərimi tanımağım. Məşqlərdə daha çox fiziki cəhətdən hazırlaşmışdım. Düşündüm, ki, əsas çətinliyim nəfəsalma ilə bağlı olar. Birinci döyüşdə bir az nəfəsim tutulsa da, ikinci döyüşdə açıldı.
- İdman sənin üçün nə deməkdir?
- İdman mənim üçün həyat tərzi, həyatda seçdiyim yoldur.
"Atamın idmana böyük həvəsi var”
- Sənin üçün nümunə olan idmançılar varmı?
- Karateçi Rafael Ağayev və ABŞ-lı ikiqat Olimpiya, beşqat dünya çempionu Stiven Lopez ən çox sevdiyim idmançılardırlar. Qeyd edim ki, Dünya Karate Federasiyasının Prezidenti Rafael Ağayevi karatenin "brilyantı” adlandırıb. Xatırladım ki, mənim taekvondoya gəlişimdə Rafael Ağayevin böyük köməyi olub. Əvvəllər o mənə karate üzrə məşqlər keçirdi. Bir gün onunla birgə taekvondo üzrə ölkə çempionatını izləməyə getdik. Taekvondo idman növü çox xoşuma gəldi. Hazırda şəxsi məşqçim olan Sənan Həşimov məni yoxladıqdan sonra taekvondo ilə məşğul olmağa başladım. İlk respublika çempionatında qələbə qazanandan sonra isə bu idman növünə həvəsim daha da artdı. Qeyd edim ki, ailəmizdə atamın idmana böyük həvəsi var. O bizi peşəkar idmançı kimi görməyi arzulayır. Nankinə yola düşərkən atam mənim qalib gələcəyimə çox inanırdı. O mənə dedi ki, narahat olma, indiyədək bir çox yarışların qalibi olmusan, burada da qalib gələcəksən. Əsas odur arxayınçılığa yol vermə. Məşqçim Məmməd müəllim də bizə həmişə tövsiyə edir ki, "bu gün çempionsan, sabaha görə cavab ver”. Buna görə də düşünürəm ki, bundan sonra daha böyük uğurlar qazanmaq üçün əldə etdiyim nailiyyəti unutmalıyam.
- Ən böyük arzun nədir?
- Ən böyük arzum böyüklər arasında da Olimpiya çempionu adını qazanmaqdır. Gələn il bizi daha bir məsul yarış, ölkəmizdə keçiriləcək Avropa Oyunları gözləyir. Çox istərdim ki, doğma divarlar arasında da medal qazanım.
- Hobbin nədir?
- Əsas hobbim ovçuluq və balıqçılıqdır. Ova gedərkən və balıq tutarkən sanki sakitləşirəm. Bəzən məşqlərdə insan çox yüklənir. Belə vaxtlarda atamla müxəlif rayonlara səfər edir, balıq ovuna gedirik.
Aysel Sultanova