Sumoçular qitə çempionatında 2 medal qazanıblar
Sentyabrın 19-21-də Belarusun Lida şəhərində yeniyetmələr arasında sumo idman növü üzrə Avropa birinciliyi keçirilib.
Yarışda iştirak edən sumo üzrə milli komandamız baş məşqçi Rüfət İsmayılovun rəhbərliyi altında üç idmançı ilə təmsil olunub.
Üç gün davam edən yarışda sumoçularımız bir qızıl və bir bürünc medal qazanıblar. Çempionatda 33 kq çəki dərəcəsində mübarizə aparan Səbinə Heydərova ardıcıl olaraq Polşa və Rusiya idmançılarını məğlub edərək finala yüksəlib. Həlledici mərhələdə ukraynalı sumoçuya da qalib gələn idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yeniyetmələr arasında 100 kq çəki dərəcəsində güləşən Sərdar Səfixanov isə bürünc medala layiq görülüb. Estoniya və Belarus idmançılarına qalib gələn təmsilçimiz yarımfinal vəsiqə qazanıb. Təəssüf ki, sumoçumuz bu mərhələdə dünya çempionu Konstantin Abdullazadəyə məğlub olub. Bürünc medal uğrunda görüşə çıxan təmsilçimiz Polşa sumoçusuna qalib gələrək üçüncü yerlə kifayətlənib.
Digər idmançımız Eldəniz Əliyev (55 kq) isə 5-ci yerə sahib çıxıb.