Sentyabrın 21-də Yevlax şəhərində klublararası ölkə çempionatı keçirilib. Azərbaycan Budo Döyüş Növləri Federasiyasının təşkilatçılığı ilə təşkil olunan çempionatda 25 klubun budoçuları iştirak ediblər. Çempionatda İmişli şəhərinin AŞİB karate klubunun idmançıları uğurla çıxış ediblər. Belə ki, baş məşqçi Rəhman Hüseynovun rəhbərliyi ilə 10 idmançıyla təmsil olunan AŞİB mükafatalayiq nəticələr qazanıblar. Klublararası çempionatda İmişli budoçuları «fri-kontakt» «ful-kontakt» versiyalarında döyüşüblər. Gərgin və maraqlı keçən döyüşlərdə Ümüd İbrahimov (25 kq, 8-9 yaş), Nemət Pənahov (55 kq, 13-14 yaş) kiçik yaşlılar arasında birinci yerə layiq görülüb. Kişilər arasında mübarizədə Fərrux Zülfüqarov (65 kq), Cavid İsgəndərov (80 kq) qızıl medala yiyələniblər. Çempionatda AŞİB təmislçilərindən Xəyal İbrahimov (9-10 yaş 40 kq), Nurlan Xanlarlı (14-15 yaş 55 kq) 2-ci, Səid Qaraşlı (8-9 yaş 25 kq) 3 yeri tutub. Yarışlar başa çatdıqdan sonra AŞİB karate klubu yüksək naliyyətlər əldə etdiyi üçün klubun direktoru Fərhad Toqala federasiya tərəfindən təşəkkür diplomu təqdim edib. Fərhad müəllim qələbə qazanan idmançılarla görüşdə onları təbrik edib, idmançılara gələcək yarışlarda uğurlar arzulayıb. Baş məqqçi Rəhman Hüseynov isə öz növbəsində idmançılarımıza diqqət qayğı göstərən insanlara minnətdarlığını bildirib.