Dünya birinciliyində 2 gümüş, 3 bürünc medal

Dünya birinciliyində 2 gümüş, 3 bürünc medal


Sentyabrın 15-20-də Rusiyanın Medin şəhərində universal döyüş üzrə 14-17 yaşlı yeniyetmələr arasında dünya birinciliyi keçirilib. Birincilikdə 35 ölkədən 370 idmançı bacarığını nümayiş etdirib. Yarışda ölkəmizi böyüklərdən ibarət yığma komandanın baş məşqçisi Elşən İsmayılovun rəhbərliyi altında 8 idmançı təmsil edib. Yığmamızın üzvləri uğurla çıxış edərək, 5 medala layiq görülüblər. Təmsilçilərimizdən ən yüksək nəticəni layt versiyası üzrə yarışlarda Nurlan Quliyev (50 kq, 14-15 yaş) və Ülvi Teyyubzadə (70 kq, 16-17 yaş qrupu) göstərib. Döyüşçülərimiz gümüş medal qazanıblar. Nurlan finaladək Rusiya, Özbəkistan, Litvadan olan rəqiblərini mübarizədən kənarlaşdıraraq finalda digər bir Rusiya döyüşçüsünə məğlub olub.
Ülvi isə həlledici mərhələyədək Özbəkistan, Bolqarıstan və Rusiya təmsilçiləri üzərində inamlı qələbə qazanıb.
Komandamızın üzvü Yusif Məmmədov layt versiyası üzrə 55 kq çəki dərəcəsində 16-17 yaşlı idmançılar arasında bürünc medala sahib çıxıb. Qazaxıstanlı və rumıniyalı döyüşçüləri məğlub edən idmançımız yarımfinalda Rusiya təmsilçisinin müqavimətini qıra bilməyib.
Yusiflə eyni çəki və yaş qrupunda çıxış edən komandamızın üzvü Azər Baxışov klassik versiyada yarımfinalda Özbəkistan idmançısına məğlub olaraq üçüncülüklə kifayətlənib. Bu yaş qrupu üzrə 65 kq-da Elmar İbrahimov da klassik versiya üzrə yarışlarda bürünc medalı boynundan asıb. O, finaladək Rumıniya, Belarus və Özbəkistandan olan rəqiblərini məğlubiyyətə uğradıb. Ümumi hesabda yığmamız dördüncü olub. Dünya birinciliyindən vətənə dönən idmançılarımız redaksiyamızın qonağı oldular. Baş məşqçi yarış təəssüratlarını bizimlə bölüşdü: "Yarışda rəqabət çox güclü idi. Əvvəlki illərlə müqayisədə dünya birinciliyinə daha çox sayda ölkə qatılmışdı. Rusiya həmişəki kimi güclü komanda ilə çıxış etdi. Bu yarışdan əvvəl Avropa birinciliyində, eləcə də keçənilki dünya və Avropa çempionatlarında yer tutan idmançıların bir çoxu Rusiya komandasının heyətində qüvvələrini sınayırdı. Rusiya ev sahibi kimi 3 komanda ilə yarışda çıxış edirdi. Özbəkistan, Litva, Latviya, Rumıniya, Bolqarıstan komandalarının idmançıları güclü təsir bağışladılar. İlk dünya birinciliyi idi ki, komandamız qızıl medal qazana bilmədi. Bu dəfə idmançılarımız çıxış etdikləri çəki dərəcəsində 4-5 rəqiblə qarşılaşmalı oldu. Bu idmançıların sayının çoxluğu ilə bağlı idi. Ümumilikdə komandanın çıxışından razı qaldım. Nurlan Quliyev və Ülvi Teyyubzadənin fiziki hazırlığı yüksək olduğundan finaladək inamla irəlilədilər. Komandamızın üzvləri bundan əvvəl iyul ayında Rusiyada keçirilən Avropa birinciliyində qüvvələrini sınamışdılar. Bu yarışda komandamız ikinci olmuşdu. Avropa birinciliyində idmançılarımız qızıl, gümüş və bürünc medallar qazanmışdılar. Budəfəki dünya birinciliyində fərqlənən idmançılarımızdan Ülvi və Elmar çempion adını qazanmışdılar”.
Məşqçinin sözlərinə görə qarşıda idmançılarımızı bir sıra məsul yarışlar gözləyir. "Oktyabrın 6-10-də gənclər arasında dünya birinciliyi, oktyabrın 24-28-də isə Türkiyənin İstanbul şəhərində böyüklər arasında əlbəyaxa döyüş növləri üzrə festival keçiriləcək. Bu yarışlarda yığma üzvləri qüvvələrini sınayacaqlar. Daha bir vacib yarışımız noyabrın 14-20-də isə kişilər arasında keçiriləcək dünya çempionatı olacaq”, - deyə məşqçi əlavə etdi.
Aysel Sultanova