Avstriyanın Zalsburq şəhərində Dünya Karate Federasiyasının (WKF) premyer liqa yarışlarından olan "Zalsburq Open” turniri keçirilib. Yarışda milli komandamızın üzvü də mükafatçılar sırasında yer alıb. Ən yüksək nəticəni Nuranə Əliyeva göstərib. Avropa çempionatının bürünc mükafatçısı olan idmançımız (-50 kq) almaniyalı rəqibi ilə final görüşündə hakim haqsızlığı üzündən uduzaraq (2:3) gümüş medal qazanıb. Digər karateçilərimiz təsəlliverici görüşlərə qatılsalar da, bürünc medal imkanını əldən veriblər.
Baş məşqçi əməkdar məşqçi Rəhman Hətəmov hazırda diqqətin noyabrın 5-9-da Almaniyanın Bremen şəhərində keçiriləcək dünya çempionatına yönəldiyini bildirib. O, əsas heyətin istirahət bərpa prosesi keçdiyini deyib və bu baxımdan komandanın Zalsburqdakı "Qrand Final”dakı nəticəsini qənaətbəxş hesab edib.
Qeyd edək ki, oktyabrın 15-dən milli komandamız dünya çempionatına həlledici hazırlıq dövrünə başlayacaq.