Bugünlərdə Türkiyənin İstanbul şəhərində WASKO Dünya Kikboksinq İdman Təşkilatları Assosiasiyasının keçirdiyi klublararası açıq Avropa çempionatında ölkəmiz "Qartal” Peşəkar İdman Klubunun idmançıları ilə təmsil olunub.
Yarışda Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Yunanıstan, ABŞ, Gürcüstan, Qırğızıstan, Ukrayna, Belarus, İtaliya, İran, Əfqanıstan, Rumıniya, Latviya, Avstraliyadan idmançılar qüvvələrini sınayıblar. Yarışda ölkəmizin idman şərəfini "Qartal” PİK-in direktoru, məşqçi Yaqub İbrahimovun rəhbərliyi altında 7 idmançımız qoruyub. Müxtəlif yaş qrupları üzrə keçirilən yarışda idmançılarımız uğurlu nəticə qazanıblar. Belə ki, Cavidan Cəfərli (45 kq) yeniyetmələr arasında Türkiyə, Gürcüstan və Rusiya təmsilçilərinə qalib gələrək birinci olub. Gənclər arasında Musa Babayev
(51 kq) çempion adına yiyələnib. Döyüşçümüz Yunanıstan, Latviya və Türkiyədən olan rəqiblərinin hər birinə nokautla qalib gəlib. Atletimiz həmçinin yarışın ən texnikalı idmançısı adına layiq görülüb. Əmirbəy Salahovun (75 kq) rəqibləri İtaliya, Türkiyə, və Belarus idmançıları olublar. Döyüşçümüz rəqiblərinin hər birini mübarizədən kənarlaşdıraraq qızıl medal qazanıb. Anar Piriyev (81 kq) də Avropa çempionu tituluna layiq görülüb. Çempionluğa gedən yolda idmançımız Qırğızıstan, İran və Türkiyədən olan idmançıları məğlub edib. Komandamızın üzvü Emin Bəşirov (+81 kq) İran və Yunanıstan idmançılarına xal hesabı ilə, finalda türkiyəli rəqibinə isə nokautla qalib gəlib. Kişilər arasında çıxış edən İslam Novruzov (63.5 kq) avstraliyalı, türkiyəli və rumıniyalı döyüşçülərə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Elnur Cəfərov belaruslu, rusiyalı, türkiyəli rəqibini mübarizədən kənarlaşdıraraq çempion titulunu qazanıb. Ümumi hesabda komandamız ikinci pillədə qərarlaşıb. Rusiya və Türkiyə milliləri isə müvafiq olaraq birinci və üçüncü pillələrdə yer alıblar. Yarışla bağlı təəssüratlarını "Olimpiya dünyası” qəzeti ilə bölüşən Yaqub İbrahimov idmançılarımızın çıxışları barədə məlumat verdi: "Sevindirici haldır ki, yetirmələrimin hər biri qızıl medal qazanaraq, himnimizi səsləndirdi, bayrağımızı yüksəklərə qaldırdı. Əldə olunan uğur ölkəmizdə Olimpiya növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərinin də yüksək səviyyəli inkişafından xəbər verir. İdmançılarımız onlara bəslənilən ümidləri doğrultdular. Onu da deyim ki, komandamızın baş sponsoru olan Air Tur Turizm şirkəti komandamızın baş sponsoru olmaqla ölkəmizdə kikboksinq idman növünün inkişafına dəstək verir. İnanıram ki, növbəti yarışlarda da idmançılarımız uğurlu çıxış üçün öz üzərlərində daha da səylə çalışacaqlar.”.