Dünya festivalında uğurlu debüt

Dünya festivalında uğurlu debüt


Türkiyənin İstanbul şəhərində qarışıq döyüş növləri üzrə IV Dünya Festivalı keçirilib. Yarışda ölkəmizi Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti, Beynəlxalq Universal Döyüş Federasiyasının I vitse-prezidenti Azər Həsənovun rəhbərliyi altında 15 idmançı təmsil edib. Komandanın heyətində böyüklərdən ibarət yığmanın baş məşqçisi Elşən İsmayılov və iki hakim - Nazim Səfərov və Vasif İsgəndərov yer alıb. İdmançılarımız uğurla çıxış edərək klassik və layt versiyası üzrə yarışlarda 5 qızıl, 3 gümüş, 3 bürünc medal əldə ediblər.
Millimizin üzvlərindən Orxan Qurbanov (70 kq) və Nicat Əliyev (75 kq) klassik versiyada bütün rəqiblərini üstələyərək çempion adını qazanıblar. Ülvi Teyyubzadə (60 kq), Muradxan Fərzəliyev (90 kq) və Tahir Məsimov (95 kq) layt versiyası üzrə yarışlarda qızıl medallar qazanıblar.
Gümüş medallar klassik versiya üzrə yarışlarda əldə olunub. Murad Quliyev (60 kq), Orxan Binnətov (85 kq) və Qəzənfər Namazov (95 kq) festivalın ikincisi olublar. Bu versiya üzrə daha iki bürünc medala
Elmar Piriyev (85 kq) və Sahib Əliyev (90 kq) sahib çıxıblar. Komandamızın üzvü Əli Həsənli (75 kq) isə layt versiyasında bürünc medala yiyələnib. Ümumi hesabda komandamız birinci pillədə qərarlaşıb. Qeyd edək ki, universal döyüş idman növü festivalda ilk dəfədir ki, təmsil olunub. Bu növün yarışın proqramına daxil edilməsi barədə qərar mayın 29-da yarışın təşkili ilə bağlı keçirilən komissiyada qəbul olunub.
Vətənə qayıdan nümayəndə heyətinin üzvləri yarışla bağlı təəssüratlarını "Olimpiya dünyası” qəzeti ilə bölüşdülər.

"Festival yüksək səviyyədə təşkil olunmuşdu”

Azər Həsənov, Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti:
- Qarışıq döyüş növləri üzrə Dünya Festivalı artıq dördüncü ildir ki, ənənəvi olaraq keçirilir. Proqrama 8 idman növü daxil idi. Qeyd edim ki, idman növlərinin gələcəkdə artırılması planlaşdırılır. Festival yüksək səviyyədə təşkil olunmuşdu və bizdə xoş təəssüratlar yaratdı. Orada olarkən festivalın Azərbaycanda keçirilməsi ilə bağlı bir sıra müzakirələrimiz də oldu. Çox istərdik ki, döyüş növləri üzrə bu cür festival gələcəkdə ölkəmizdə də təşkil olunsun.
Komandamızın üzvləri bu yarışda ilk dəfə çıxış etmələrinə baxmayaraq, öz məharətlərini yüksək səviyyədə nümayiş etdirdilər. Hər iki növ üzrə yarışlarda uğurlu nəticələr əldə olundu. Bu növdə idmançılarımızın ən güclü rəqibləri Rusiya hesab olunur. Bu ölkə ilə yanaşı, Ukrayna, Özbəkistan, Rumıniya, Litva, Türkiyə ölkələrinin idmançıları da yarımfinal görüşlərində güclü təsir bağışlayırdılar. Həlledici qarşılaşmalarda döyüşçülərimiz əsasən rusiyalı və türkiyəli rəqibləri ilə üz-üzə gəldilər. Qarşıda idmançılarımızı daha bir mötəbər yarış, noyabrın 10-17-də Rusiyanın paytaxtı Moskvada keçiriləcək dünya çempionatı gözləyir. İnanıram ki, təmsilçilərimiz bu yarışda da onlara bəsləniln ümidləri doğruldacaqlar. İl ərzində həm komanda, həm də şəxsi yarışlarda qazanılan yüksək nailiyyətlər bunu deməyə əsas verir.

"İdmançılarımız özünəinamlı çıxışları ilə fərqlənirdilər”

Elşən İsmayılov, yığmanın baş məşqçisi:
- Sevindirici haldır ki, qatıldığımız ilk festival komandanın uğurlu çıxışı ilə yadda qaldı. Yarışın ən gənc idmançısı yığmamızın üzvü Ülvi Teyyubzadə idi. Buna baxmayaraq o bütün rəqiblərini üstələyə bildi. Qızıl medal qazanan digər idmançılarımız da özünəinamlı çıxışları ilə fərqlənirdilər. Yarışa hazırlığı paytaxtda, universal döyüşün Tofiq Bəhramov adına Respublika stadionundakı təlim-məşq bazasında keçmişdik. İdmançılarımızın yüksək səviyyəli fiziki və taktiki hazırlığı özünü qazanılan nəticələrdə göstərdi.

"Hakimlərin işi ilə bağlı etiraza rast gəlinmədi”

Nazim Səfərov, hakim:
- Ümumilikdə Festivalı 18 hakim idarə edirdi. Peşəkar ədalət təmsilçiləri ilə yanaşı, yarışa gənc hakimlər də cəlb olunmuşdu. Hakimlərin işi ilə bağlı elə bir ciddi nöqsana, etiraza rast gəlinmədi. İkinci dəfə idi ki, beynəlxalq səviyyəli yarışda ölkəmizi hakim kimi təmsil edirdim. Azərbaycan komandasının üzvləri də güclü döyüş nümayiş etdirdilər. Məncə, bir-iki idmançımız güclərindən maksimum yararlansa idi, medallarımız daha da çox ola bilərdi.


"Rəqiblərimi nokautla məğlubiyyətə uğratdım”

Nicat Əliyev, festivalın qalibi:
- Keçirdiyim dörd görüşün hər birində rəqiblərimi nokautla məğlubiyyətə uğratdım. İlk üç döyüşdə İtaliya, Rumıniya və Türkiyədən olan rəqiblərimi mübarizədən kənarlaşdırdım. Finaldakı rəqibim rusiyalı Avropa çempionu idi. Həlledici qarşılaşmada mənim vaxtından əvvəl qələbəmlə yekunlaşdı. Məşqlərdə fiziki hazırlığıma daha çox diqqət yetirmişdim. Məncə, qalib gəlməyimdə həm də yüksək psixoloji hazırlığım da rol oynadı. Bu yarışın digərlərindən fərqi o idi ki, ilk dəfə çıxış etməyimizə baxmayaraq komanda hesabında birinci olduq. Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda əldə olunan nəticə komandanın yüksək hazırlığından xəbər verir.