Əliyev Şaiq Rza oğlu 1939-cu il noyabrın 22-də Lənkəran şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Çoxuşaqlı ailədə böyüyüb tərbiyə alan Şaiq müəllim 1958-ci ildə Lənkəran rayonu 4 saylı şəhər orta məktəbinin rus bölməsini biritib. Hələ məktəbdə oxuduğu vaxtdan idmana böyük həvəs göstərib. Məhz bu həvəs onu 1962-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutuna gətirib çıxarıb. Ali məktəbi bitirdikdən sonra təhsilini Xüsusi Milis Məktəbində davam etdirən Şaiq Əliyev 1975-ci ildə hüquqşünas ixtisasına yiyələnib. Şaiq müəllim gənc yaşlarından etibarən Azərbaycan atletika yığma heyətində çıxış edib və bir sıra yarışlarda uğur qazanıb. 1957-ci ildə Riqa, 1958-ci ildə Tbilisi şəhərində təşkil edilən SSRİ məktəblillərinin IV və V spartakiadalırında yığma komandaya mühüm xallar qazandırıb. 1962-ci ildə Moskva şəhərində keçirilən SSRİ Həmkarlar İttifaqları və SSRİ xalqları spartakiadalarında mükafatalayiq yerlər tutan Ş.Əliyev 10 il Azərbaycan yüngül atletika yığmasının üzvü olub.
Ömrünün 59 ilini idmana həsr edən Şaiq müəllim nümunəvi xidmətinə görə dəfələrlə fəxri fərmanlarla, medallarla və döş nişanları ilə təltif edilib. Yubiley münasibətilə buyaxınlarda Azərbaycan Dövlət Heft Akademiyasının rektoru, akademik Siyavuş Qarayev və AHİTA-nın sədri Səttar Mehbalıyev tərəfindən fəxri fərmana və mükafata layiq görülüb.
Hazırda ehtiyatda olan polis mayoru Şaiq Əliyev Azərbaycan Dövlət Neft Akademiyasında fəaliyyət göstərən idman kompleksinin direktorudur. Noyabrın 22-də 75 yaşını qeyd etməyə hazırlaşan Şaiq müəllimi ölkənin idman ictimaiyyəti adından təbrik edir, ona uzun ömür və həmişə belə gümrah olmağı arzulayırıq.
- Şaiq müəllim, istərdik ki, əvvəlcə ailənizdən danışasınız.
- Ziyalı ailəsində dünyaya göz açmışam. Atam da, anam da müəllim idi. Ana babam vaxtilə Lənkəran quberniyasının qazisi olub. O vaxtlar Lənkəran quberniyası öz tərkibində 7 rayonu- Biləsuvar, Cəlilabad, Yardımlı, Lerik, Astara, Lənkəran və Masallını birləşdirirdi. Nümunəvi xidmətinə görə I Nikolay babama Lənkəranda 20 hektar torpaq sahəsi hədiyyə etmişdi. Həmin torpağın sənədi də arxivimizdə saxlanılır. Babam erməni-müsəlman davasında dünyasını dəyişib.
"Uşaqlıqdan idmana çox böyük həvəsim olub”
Atam Lənkəranda uzun illər məktəb direktoru işləyib. O, danışırdı ki, 1937-ci ildə Səməd Vurğun, Süleyman Rüstəm, Mikayıl Müşfiq atamın məktəbinə qonaq gəliblər. Hələ o vaxt Mikayıl Müşfiq sürgün olunmamışdı. Atam onun şərəfinə böyük qardaşımın adını Müşfiq qoyub. Buna görə atamı işdən çıxarıblar, incidiblər. Ailədə 5 oğlan, 2 qız olmuşuq və hamımız ali təhsil almışıq. Ailəliyəm, bir oğlum, bir qızım var. İki nəvəmdən birinə öz adımı vermişəm.
- Şaiq müəllim, necə oldu ki, idmana gəldiniz?
- Uşaqlıqdan idmana çox böyük həvəsim olub. 15 yaşında güləş üzrə iki dəfə rayon çempionu adına layiq görülmüşəm. Voleybolla da çox ciddi maraqlanırdım. 1955-ci ildə pionerlər arasında Xanlar rayonunda keçirilən voleybol yarışında komandanın kapitanı kimi çıxış etmişəm. Ümumiyyətlə, idmanın bir neçə növü ilə məşğul olurdum.
1957-ci ildə Azərbaycan məktəblilərinin spartakiadasında I yeri tutduğuma görə məni Riqa şəhərində keçirilən Məktəblilərin IV Spartakiadasına dəvət etdilər. Bu yarışdan sonra yüngül atletika ilə daha ciddi məşğul olmağa başladım. Həmin dövrdə həm Lənkəran voleybol komandasının kapitanı idim, həm də rayonun futbol komandasının qapısını qoruyurdum.
- Yəni həyatınızı idmana bağlamışdınız...
- Müəyyən yaş dövründə insan hansı peşəni və sənəti seçmək üçün qərar verməli olur. Mən qərarımı artıq vermişdim: həyatımı idmana sərf etməliyəm. 1958-ci ildə məktəblilərin növbəti spartakiadasında hündürlüyə tullanma yarışlarında birinci oldum. Həmin il sənədlərimi Azərbaycan Bədən Tərbiyəsi və İdman İnstitutuna verdim və qəbul olundum. 1961-ci ildə Tbilisidə təşkil edilən SSRİ birinciliyində çıxışım uğurlu alındı. İki dəfə (1962, 1964) SSRİ Həmkarlar İttifaqları Spartakiadasının, dörd dəfə isə tələbələrin spartakiadasının iştirakçısı olmuşam. 1963-cü ildə Moskvada keçirilən SSRİ Xalqlarının Spartakiadasında hündürlüyə tullanma yarışlarında uğurla çıxış edərək (2 metr) idman ustalığı normasını yerinə yetirdim. Qeyd etməliyəm ki, yüngül atletika növündə idman ustalığı normasını yerinə yetirmək çox çətindir. Bunun üçün ən azı 7 il yorulmadan məşq etmək lazım gəlir.
- Dediniz ki, ali məktəbi bitirdikdən sonra müəllimlik fəaliyyəyinə başlamısınız. Həmin dövrlərdə yarışlarda iştirak edirdiniz?
- 1962-ci ildə institutu bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutunda müəllimlik fəaliyyətinə başladım. Qeyd edim ki, 1962-1967-ci illər ərzində institutun komsomol komitəsinin katibi vəzifəsinə qədər yüksəlmişəm. İnstitutda işlədiyim müddətdə tələbələrin spartakidalarında iştirak edirdim. O vaxtlar qışda, tələbələrin qış tətilində hər il Leninqradda (indiki Sankt-Peterburq) yarış keçirilirdi. Bu yarışlarda mən də qüvvəmi sınayırdım. 1963-cü il yanvarın 28-də 1 metr 95 sm hündürlüyə tullandım.
"Uzun müddət polis orqanlarında işləmişəm”
- Şaiq müəllim, siz həm də polis orqanlarında işləmisiniz.
- 27 ildən artıq Nərimanov rayonunda baş sahə inspektoru vəzifəsində çalışmışam. Bu müddət ərzində idman sahəsinə də nəzarət etmişəm. İşlədiyim sahədə fəal çalışdığıma görə, dəfələrlə rəhbərlik tərəfindən fəxri fərmanlarla təltif olunmuşam.
1982-ci ildə Donetsk şəhərində SSRİ Daxili İşlər Nazirliyinin zabit çoxnövçülüyü üzrə turnirlərdə uğurla iştirak etmişəm. Maneləri dəf etməklə 300 metr məsafəyə qaçış, sərbəst üsulla 100 metr məsafəyə üzmə, 25 metrdən hədəfə atəşaçma, motosikli idarəetmə və döyüş sambosu üzrə təşkil edilən yarışlarda fərqlənmişəm.
* * *
"Olimpiya dünyası” qəzetinin qonağı olan Şaiq Əliyevin dostları və həmkarları da onun haqqında öz fikirlərini bizimlə bölüşdülər.
Cəmil Əkbərov,
Azərbaycan Dövlət Neft Akademiyasının Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi:
- Uzun müddət Azərbaycan Neft və Kimya Akademiyasının idman kompleksinin direktoru vəzifəsində çalışmışam. Şaiq müəllimi 1962-ci ildən tanıyıram. Bir yerdə yarışlarda iştirak etmişik. O, çox səmimi və təvazökar insandır. Özü haqqında danışmağı xoşlamır. Həmkarımı ad günü münasibətilə təbrik edir, ona can sağlığı arzulayıram.
Azər Qədirov,
Azərbaycan Basketbol Federasiyasının vitse-prezidenti:
- Şaiqlə institutda bir yerdə oxumuşuq. Tələbəlik illərində özünü çox çalışqan, tələbkar idi. Biz Şaiq müəllimlə indi də sıx əlaqə saxlayırıq. Mən ona bir dost kimi gələcək işlərində uğurlar arzulayır, ad gününü təbrik edirəm.
Gəray Quliyev,
18 saylı poliklinikanın həkimi, Nərimanov rayon səhiyyə işçiləri həmkarlar ittifaqının sədri:
Mən Şaiq müəllimi 1978-ci ildən, Nərimanov rayon polis idarəsində işlədiyi vaxtdan tanıyıram. Onda əsl azərbaycanlı kişilərə məxsus mərdlik var. Dostluğa sədaqətlidir, sözünün ağasıdır. Bütün dostları kimi mən də Şaiq müəllimi səmimi qəlbdən təbrik edir, can sağlığı arzulayıram.
Nona İsmayılova,
İdman veteranı, Azərbaycan Dövlət Neft Akademiyasının Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi:
- Şaiq haqqında çox şey demək olar. Amma qısaca onu deyə bilərəm ki, o, yaxşı insan, sədaqətli dost və səmimi yoldaşdır. Birgə işlədiyimiz bu müddətdə özünə böyük etibar və inam qazanıb. Mən həmkarımı təbrik edir, ona uzun ömür, cansağlığı arzulayıram.
Arif Kərimov,
Texnika elmləri doktoru, professor, Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri:
- Şaiq Əliyevi 1958-ci ildən tanıyıram. Bu müddət ərzində onu fəal, çalışqan, nümunəvi işçi kimi tanımışam. O, institutda oxuduğu illərdə hündürlüyə tullanma yarışlarında fərqlənirdi. Bu insan harada işləməsindən asılı olmayaraq, həmişə öz işinin öhdəsindən layiqincə gəlib. Səmimi, ailəcanlı insandır, yaxşı yoldaşdır.
Elmar Mustafayev,
Bakı şəhəri, Baş Polis İdarəsinin Kadrlar İdarəsinin baş inspektoru, mayor:
-Onun haqqında ancaq yaxşı sözlər demək mümkündür. Şaiq müəllimi təmkinli, təvazökar, peşəkar işçi və səmimi dost kimi tanıyıram. Yubilyarı təbrik edir, həmişə belə gümrah qalmasını arzulayıram.
Gəray Quliyev,
18 saylı poliklinikanın həkimi, Nərimanov rayon səhiyyə işçiləri həmkarlar ittifaqının sədri:
Mən Şaiq müəllimi 1978-ci ildən, Nərimanov rayon polis idarəsində işlədiyi vaxtdan tanıyıram. Onda əsl azərbaycanlı kişilərə məxsus mərdlik var. Dostluğa sədaqətlidir, sözünün ağasıdır. Bütün dostları kimi mən də Şaiq müəllimi səmimi qəlbdən təbrik edir, uzun ömür diləyirəm.
Səadət Hakıyeva