Dekabrın 20-də Bakı Tennis Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş kikboksinq üzrə peşəkarlar arasında 5-ci ənənəvi beynəlxalq turnir keçirildi. K-1 və loukik versiyaları üzrə keçirilən yarışda kikboksçularımız Türkiyə komandası ilə qarşılaşdı.
Komandamızın heyətində Eduard Məmmədov (60 kq, loukik), Elşad Ələsgərov (57 kq loukik), Zöhrab Əzimov (60 kq loukik), Elnur Dəryagir (63,5 kq, K-1), Arzu Qədimov (67 kq, K-1), Ramal Aslanov (70 kq, K-1), Orxan Məlikov (91 kq, loukik), Anar Məmmədov (91 kq, K-1), Ağalar Sadıxzadə (+91 kq, loukik), Çingiz Allazov (71 kq, K-1) yer almışdılar.
Türkiyə yığma komandasının heyəti isə Hidayet Serin (60 kq), Mahmut Erdem (57 kq), Eren Ali (60 kq), Burak Eymur (63,5 kq), Ali Şakir (57 kq), Mevlane Altuntaş (70 kq), Serhat Tevfiq (91 kq), Məhəmməd Yılmaz (91 kq), Həmzə Kəndircioğlu (+91 kq), Gülər Mükrəmin (71 kq), Ali Şakir (57 kq), Həmzə Kəndirçioğlu (+91 kq, loukik) çıxış edirdilər.
Dostluq və qardaşlıq görüşü kimi dəyərləndirilən turnirə yüksək titullu döyüşçülərin qatılması yarışa olan marağı daha da artırırdı. Dəfələrlə dünya və Avropa çempionu tanınmış belaruslu idmançı Darya Maşaronun nümunəvi-musiqili proqramla çıxışından sonra rinqə Türkiyə və Azərbaycan idmançıları dəvət olundular. Azərbaycan komandasının üzvləri Türkiyə yığmasının idmançılarına xatirə hədiyyələri təqdim etdilər.
Turnirin açılışında Azərbaycan Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti, millət vəkili Adil Əliyev, Türkiyə Kikboksinq Federasiyasının (TKF) prezidenti Salim Kayıcı iştirak edirdilər. Yarışda həmçinin AKF-nin vitse-prezidentləri Güloğlan Cabbarov, Namiq Əsgərov, Ramiz Quliyev, Gənclər və İdman nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazov, yığma komandanın rəisi Sadıx Bağırov, federasiyanın baş katibi Rüstəm Rüstəmov, Olimpiya çempionlarımız Namiq Abdullayev, Fərid Mansurov, ölkənin tanınmış idman ictimaiyyətinin nümayəndələri də var idi.
Yarışlar açıq elan olunduqdan sonra Azərbaycanın Dövlət Himni səsləndirildi.
Federasiyanın prezidenti Adil Əliyev çıxışı zamanı tədbir iştirakçılarını salamlayaraq, idmançılara döyüşlərdə uğurlar arzuladı. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirin 5-ci dəfə keçirildiyini deyən Adil müəllim "Bir millət, iki dövlət” şüarı altında keçirilən budəfəki qarşılaşmanın iki ölkə arasında dostluq və qardaşlığa xidmət etdiyini vurğuladı. Adil müəllim qeyd etdi ki, ölkəmizin bütün sahələrində dirçəlişi müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. O, dövlətçiliyimizin təşəkkülündə və inkişafında misilsiz rolu olan ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının, siyasətinin bütün dünyaya tanıtdırılmasının əhəmiyyətindən söz açdı: "Ulu öndər Heydər Əliyev yaddaşlarda dahi insan kimi qalacaqdır. Ölkəmizdə idmanın inkişafı məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün bu siyasət Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə idmana göstərilən diqqət və qayğı sayəsində bu sahə yüksək səviyyədə inkişaf edib. Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb. Dünyanın ən mötəbər yarışları Azərbaycanda keçirilir. Biz bütün dünyada ölkəmizi tanıdan, bayrağımızı yüksəklərə qaldıran, himnimizi səsləndirən idmançılarımızla fəxr edirik”.
Federasiya prezidenti yarışın təşkilində göstərilən dəstəyə görə Gənclər və İdman nazirliyinə öz minnətdarlığını bildirdi və bu cür yarışların dünyanın müxtəlif ölkələrində keçiriləcəyini dedi.
Türkiyə Kikboksinq Federasiyasının prezidenti Səlim Kayıcı tamaşaçıları maraqlı görüşlərin gözlədiyini, bu görüşdə dostluğun, qardaşlığın qalib gələcəyinə inandığını dedi.
Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov yarışın keçirilməsi münasibətilə təşkilatçıları və idmançıları təbrik etdi. Ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan söz açan nazir müavini əsası ulu öndər tərəfindən qoyulan idman siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı. "Ölkəmizdə idman infrastrukturu günü-gündən güclənir, paytaxtımız mötəbər yarışlara ev sahibliyi edir. 2014-cü ildə ölkəmizdə 55 Avropa və dünya çempionatları keçirilib. Bu, beynəlxalq idman təşkilatları tərəfindən ölkəmizə göstərilən etimadın nəticəsidir. Qeyd edim ki, 2014-cü ildə idmançılarımız 805 medala sahib çıxıblar. Hazırda ölkə idman ictimaiyyətinin diqqəti 2015-ci ildə ölkəmizdə keçiriləcək Avropa Oyunlarına yönəlib. İnanıram ki, bu mötəbər idman yarışı ölkəmizdə yüksək səviyyədə təşkil olunacaq”, - deyə İsmayıl İsmayılov əlavə etdi. Sonra AKF prezidenti Adil Əliyev və TKF prezidenti Səlim Kayıcı bir-birlərinə federasiya adından xatirə hədiyyələri təqdim etdilər. Ardınca yarışlara start verildi. 10 çəki dərəcəsində keçirilən peşəkar döyüşlərdə idmançılarımız azarkeşlərə həyəcanlı anlar yaşatdılar. Qarşılaşmalarda Azərbaycan yığmasının üzvləri yüksək səviyyəli fiziki, taktiki və texniki hazırlığı ilə diqqəti cəlb edirdilər. Keçirilən 10 qarşılaşmadan 8-də Azərbaycan idmançıları qalib adını qazandılar. Türkiyəli idmançılar Hamza Kendircioğlu və Ali Çakır, müvafiq olaraq, +91 kq və 67 kq çəki dərəcələrində qələbə əldə etdilər. Gərgin keçən qarşılaşmaların yekununa əsasən yarış 8:2 hesabı ilə Azərbaycan komandasının xeyrinə başa çatdı. Qalib adını qazanan idmançılar federasiya tərəfindən diplom və kubokla təltif olundular.
Yarışlar başa çatdıqdan sonra AKF prezidenti Adil Əliyev və TKF prezidenti Salim Kayıcı, yığmanın məşqçisi Hakim Hacıyev və kikboksçumuz Ramal Aslanovun yarışlar bağlı fikirlərini öyrəndik.
"Azərbaycanın bütün dünyaya tanıtdırılmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri var”
Adil Əliyev, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti:
- "Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmauş yarış 5-ci dəfədir ki, təşkil olunur. Qeyd edim ki, ümummilli liderimiz Heydər Əliyev digər sahələrin inkişafı ilə yanaşı, gənclərin fiziki və mənəvi inkişafı məsələsinə xüsusi diqqət və qayğı ilə yanaşıb. Azərbaycanın bütün dünyaya tanıtdırılmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri var. Bizim əsas məqsədimiz də ulu öndərin siyasətini, ideologiyasını bütün dünyaya tanıtdırmaqdır. Bu cür yarışların təşkili gənclərimizin döyüş növlərinə olan həvəsini daha da artırır. Bundan əvvəl də paytaxtımızda peşəkarlar arasında bu cür yarışlar keçirilib. Ölkəmizdə peşəkar kikboksinqə marağı artırmaq üçün belə yarışların təşkili vacibdir. Ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərinə də diqqət göstərilir. Bu, qayğının nəticəsidir ki, digər idman növlərində olduğu kimi, kikboksinqdə də uğurlar əldə olunur. Döyüşçülərimiz müxtəlif mötəbər yarışlara qatılaraq, vətənə medallarla dönürlər. Bu, ilin son yarışıdır. Gələn il ulu öndərin xatirəsinə həsr olunan beynəlxalq turnirin Rusiyada keçirlməsi planlaşdırılır. Ümümiyyətlə, bu yarışlar federasiya tərəfindən müxtəlif ölkələrdə keçiriləcək. 2015-ci il ölkəmiz üçün məsuliyyətli illərdən biri olacaq. Belə ki, bütün dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda tarixdə ilk dəfə birinci Avropa Oyunları keçiriləcək. İnanıram ki, ölkəmiz bu yarışa yüksək səviyyədə ev sahibliyi edəcək.
"Azərbaycanda idmana yüksək səviyyəli diqqət və qayğı var”
Salim Kayıcı, Türkiyə Kikboksinq Federasiyasının prezidenti:
- Yarışda Azərbaycan yığma komandası yüksək səviyyəli çıxışı ilə yadda qaldı. Komandamızın heyətində Türkiyə milli yığma komandasının tanınmış idmançıları Avropa və dünya çempionları iştirak edirdi. Bizim üçün önəmli olan dostluq və qardaşlığın qələbə qazanması idi. Burada həmçinin Azərbaycanı güclü dövlətə çevirən ulu öndər Heydər Əliyevin xatirəsini bir daha andıq. Bu gün Heydər Əliyevin siyasəti Azərbaycan Respublikasının Prezidenti tərəfindən uğurla davam etdirilir. Burada olduğumuz müddətdə bir daha şahidi olduq ki, Azərbaycanda idmana yüksək səviyyəli diqqət və qayğı var. Yarışın təşkilatçılıq səviyyəsi yüksəkdir. Bizə göstərilən diqqətə görə də Azərbaycan Kikboksinq federasiyasının prezidenti Adil Əliyevə minətdaram.
Türkiyədə kikboksinq yüksək səviyyədə inkişaf edib. Dünya çempionatlarında komandamız ikinci və üçüncü pillələrdə qərarlaşıb, Avropada isə ikinci olmuşuq. İdmançılarımız arasında Avropa və dünya çempionlarımız var. Azərbaycan kikboksçuları çox güclüdürlər. İlk dəfə Azərbaycan 2010-cu ildə Bakıda kikboksinq üzrə keçirilən Avropa çempionatı zamanı səfər etmişəm. Qeyd edim ki, paytaxt Bakı inanılmaz dərəcədə dəyişib və inkişaf edib. Avropa Oyunlarının ilk dəfə Bakıda keçirilməsi bütün dünyanın Azərbaycana olan etimadının göstəricisidir.
"İki yetirməm kuboka
sahib çıxdı”
Hikmət Hacıyev, yeniyetmə və gənclərdən ibarət yığmanın və DİN İC-in kikboksinq üzrə baş məşqçisi:
- Yığma komandamızın tərkibində dünya və Avropa çempionları iştirak edirdilər. Türkiyə komandasının heyətində də bir nömrəli kikboksçular bacarıqlarını nümayiş etdirdilər. Bu yarışda iki yetirməm-Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin idmançıları Zöhrab Əzimov və Ramal Aslanov da uğurla çıxış edərək kuboka sahib çıxdılar. Qeyd edim ki, Ramal Aslanov hazırda Daxili Qoşunların idman komandasının əsgəridir. Onun rəqibi təcrübəli idmançı, yeinyetmə və gənclər arasında dünya və Avropa çempionu olub. Güclü rəqib olmasına baxmayaraq, Ramal ona nokautla qalib gəldi. Yarış yüksək səviyyədə təşkil olunmuşdu. İdmançılarımıza yaradılan şəraitə görə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevə təşəkkürümü bildirirəm.
"Qələbəmi Azərbaycan
əsgərlərinə həsr edirəm”
Ramal Aslanov, Heydər Əliyev kuboku yarışının qalibi:
- Bu yarışa yüksək səviyyədə hazırlaşmışdım. Şəxsi məşqçim Hakim Hacıyev və yığma komandanın məşqçisi Elşən Abdulrəhmanovun rəhbərliyi altında uzun müddət idi ki, təlim- məşq prosesi keçirdik. Bu, mənim peşəkar rinqdə 18-ci döyüşüm, 17-ci qələbəm və 8-ci nokautum idi. Rəqibim Avropa və dünya çempionu titullarını qazanmış güclü idmançı idi. Qeyd edim ki, kikboksinqlə yanaşı, həm də boks üzrə yığma komandanın üzvüyəm. Qarşıda məni yanvar ayında keçiriləcək boks üzrə ölkə çempionatı gözləyir. Daha sonra Rusiyada Heydər Əliyvin xatirəsinə həsr olunacaq k-1 üzrə peşəkar turnirdə qüvvəmi sınayacağam. Hazırda hərbi xidmət qulluqçusuyam. Yarışda idmançı kimi çıxış etməklə yanaşı, Azərbaycan ordusunun əsgəri kimi vətənimin şərəfini qoruyurdum. Biz, idmançılar, yarışlarda, ilk növbədə, vətənin adını uca tutmaq barədə düşünürük. Daxilində vətənə sevgi hissi olmayan idmançı yarışlarda ciddi uğur da əldə edə bilməz. Qələbəmi bütün Azərbaycan əsgərlərinə həsr edirəm.
Aysel Sultanova