Tarixdə ilk dəfə təşkil olunan Avropa Oyunları bu ilin iyun ayında Bakıda keçiriləcək. Oyunlarda təqdim olunacaq idman növlərindən biri də kişi idman gimnastikasıdır. Azərbaycanda idman gimnastikası ötən əsrin 30-cu illərindən etibarən inkişaf etməyə başlayıb. İlk respublika çempionatı 1939-cu ildə Bakıda keçirilib, Valeriy Belenki isə ölkənin ən tanınmış gimnastı adını qazanıb.
Hazırda, Azərbaycan Gimnastika Federasiyası bu idman növünün inkişafını davam etdirir və ən balaca idmançılar arasında müxtəlif yarışların keçirilməsi, həmçinin ölkə daxilində yeni idman bölmələrinin açılması gələcəkdə ölkədə kifayət qədər güclü gimnastların olacağına ümid etməyə əsas verir.
Avropa Oyunları ərəfəsində federasiyanın mətbuat xidməti Dünya kubokunun bürünc mükafatçısı və Azərbaycanın hazırki çempionu Oleq Stepko ilə həmsöhbət olub. Məhz Oleq Stepko bu irimiqyaslı idman tədbirində ölkəmizi təmsil edəcək namizədlərdən biridir.
- Gimnastikaya gəlişin haqda danış. Necə oldu ki, məhz bu idman növünü seçdin?
- Əslində, əvvəllər mən eyni vaxtda iki idman növü ilə məşğul olurdum - gimnastika və üzgüçülüklə. Daha sonra seçim etmək məcburiyyətində qaldım və gimnastikanı seçdim. Bəlkə də, bu idman növü üçün xüsüsi keyfiyyətlərim var idi. Məşqçilərim müəyyən nəticələr əldə edə biləcəyimi bildirmişdilər.
- Necə düşünürsən, başqa idman sahəsində uğur qazana bilərdinmi?
- Fikirləşirəm ki, yox. Təəssüf ki, cəhd etməyə də boş vaxtım yoxdur.
- Yarış günü emosiyalarınla necə bacarırsan? Təmkinli olmağının sirri nədədir?
- Hər yarışda müxtəlif hisslər keçirirəm və onların hər biri fərqli qəbul olunur. Müxtəlif yarışlarda eyni emosiyaları yaşamaq mümkün deyil. Sadəcə öz proqramımı yerinə yetirib, meydançanı tərk edirəm.
- Fikrincə, gimnastikada vacib olan nədir?
- Mənə elə gəlir ki, gimnastikada ən vacib şey istəkdir. Hətta ən istedadsız insanı idmana cəlb etmək mümkündür, sadəcə istək olsun. Fiziki bacarıq isə digər məsələdir.
- Peşəkar idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu, idman növündən asılıdır?
- Hər idman növünün özünəməxsus riski var, lakin mən yenə də hesab edirəm ki, gimnastika zədələnmə riski çox olan idman növlərindən biridir. Bizə uşaqlıqdan kiçik zədələrdən necə qaçmağı öyrədirlər və hətta kənardan gələn adamlara da məşqçilərin bizə verdiyi nəsihətləri öyrədirik.
- İdmanda kumirin varmı?
- Kumir bir az geniş anlamdır. Sadəcə, öz nailiyyətləri ilə dünyada tanınmış və böyük uğurlar qazanmış insanlar var. Məhz həmin insanlar mənə nəticələr əldə etməyə stimul verir. Misal üçün, boksçu Vasili Lomaçenko və digər bir neçə idmançı. Onlar artıq peşəkardırlar və tədricən yaxşı nəticələr göstərməyə başlayıblar.
- Yaxın gələcək üçün idmanla bağlı hansı planlarınız var?
- Öncədən nəsə düşünüb, danışmaq istəmirəm. Bu il əhəmiyyətlidir, bir çox əsas yarışlar, həmçinin mart ayında Açıq Birgə Azərbaycan çempionatı, daha sonra Avropa çempionatı, Avropa Oyunları, dünya çempionatı və Dünya kubokları keçiriləcək. Belə ki, bu il çətin olacaq. Ona görə də hər hansı bir nəticə barədə proqnoz vermək istəmirəm.
- Avropa Oyunları sənin üçün nə kəsb edir və sən ona necə hazırlaşırsan?
- Avropa Oyunları mənim üçün Avropa çempionatı kimi bir yarışdır. Sadəcə olaraq, özündə bir neçə idman növünü birləşdirdiyinə görə, daha irimiqyaslı və möhtəşəmdir. Oyunlara hazırlaşmağa daha sonra başlayacağam, belə ki, qarşıda 4 ay vaxt və bununla yanaşı, digər yarışlar da var.
- İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyin başqa arzuların, məqsədlərin varmı?
- İdmandan başqa tək istəyim sadəcə doyunca yatmaqdır. Məşqlər bütün vaxtımı və gücümü aldığına görə başqa bir işlə məşğul olmaq arzum yoxdur. Gələcək planlara gəldikdə isə hələlik bu barədə düşünməmişəm, çünki mənim üçün idman birinci yerdədir.
- İdmanla gündəlik həyatını birləşdirə bilirsənmi?
- Çətindir, amma bəzən bu mümkündür.
- Sevdiyin şəxs varmı?
- Şəxsi həyat üçün vaxtım yoxdur və hesab edirəm ki, peşəkar karyera ilə məşğul olduğun zaman, şəxsi həyatı başqa vaxta keçirmək lazımdır. Daim məşq edən və yanında olmayan birinə hər kəs dözə bilməz. Yəqin ki, elə həmin sahədən olan insanı axtarmaq lazımdır.
- Adətən, azarkeşlərin tribunlardan səni necə dəstəkləyirlər? Sən onlardan nə eşitmək istərdin?
- Hələ ki, azarkeşlərim yoxdur. Mən hesab edirəm ki, azarkeşlər idmançıya yox, ölkəyə azarkeşlik edirlər.