Karate üzrə böyüklərdən ibarət milli komandamız yeni mövsümə Premyer Liqa turniri ilə başlayır. Fransanın paytaxtı Parisdə Dünya Karate Federasiyasının (WKF) ən yüksək reytinqli turnirində 21 idmançımız mübarizə aparacaq.
Baş məşqçi, federasiyanın məşqçilər komitəsinin sədri Rəhman Hətəmov və onun köməkçisi, böyük məşqçi Rəşad Hüseynov bu yarışda müxtəlif çəki dərəcələrində bir neçə idmançının iştrakını planlaşdırıblar. Firdovsi Fərzəliyev, Ceyhun Mustafayev və Nicat Abbasov 60 kq çəkidə, Niyazi Əliyev, Tural Ağalarzadə və Üzeyir Alışanov isə 67 kq çəki dərəcəsində yarışacaqlar. 75 kq çəki dərəcəsində məşhur karateçi Rafael Ağayev mübarizə aparacaq. Qeyd edək ki, Rafael uzun müddətli fasilədən sonra rəsmi yarışlara qatılacaq. Ötən il zədələr və əməliyyat səbəbindən dünya və Avropa çempionatları da daxil olmaqla bir neçə mötəbər yarışı buraxmalı olan idmançımızla birgə, bu çəki dərəcəsində Şahin Quluzadə də mübarizə aparacaq.
- 84 kq çəkidə Ayxan Mamayev, Pənah Abdullayev və Tural Kamallı, +84 kq çəki dərəcəsində isə milli komandanın kapitanı Şahin Atamov, həmçinin Orxan Heydərli və Rəsul Əlizadə tatamiyə çıxacaqlar. Qadınların yarışına 4 idmançımız qatılacaq. Kumite turnirində Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq) və Fəridə Abiyeva (-61 kq), kata yarışlarında isə Ədilə Qurbanova çıxış edəcək. Kata üzrə böyük məşqçi Vahid Ayvazov kişilərin mübarizəsinə Tural Balcanlı, Rafiq Əmirov və Roman Heydərlini də daxil edib. Yarışda fərqlənən idmançılara federasiyanın baş sponsoru Azərbaycan Beynəlxalq Bankı tərəfindən müvafiq mükafatlar təqdim olunacaq.
Paris Premyer Liqasını idarə edən referilər arasında 3 beynəlxalq hakimimiz - federasiyanın vitse-prezidenti Yusif Məmmədov, hakimlər komitəsinin sədri Cahangir Babayev və Nərgiz Mehdiyeva yer alacaq. Qeyd edək ki, 2015-ci ilin ilk mötəbər yarışında 46 ölkədən 929 idmançı iştirak edəcək. Paris Premyer Liqasına yollanan 30 nəfərlik nümayəndə heyətinə Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov rəhbərik edir. Dünən Fransaya yola düşən idmançılarımız 5 gün sonra vətənə dönəcəklər.