Martın 23-24-də İzmirdə kartinq üzrə Türkiyə çempionatının ilk mərhələsi keçirilib. Formula senior, Formula Master, Formula Mini ve Formula Junior kateqoriyaları üzrə keçirilən yarışda ölkəmizi kartinqçilərimiz Gülhüseyn Abdullayev və Xədicə Quluzadə təmsil ediblər. Gülhüseyn Abdullayev senior, Xədicə Quluzadə isə mini kateqoriyasında qüvvəsini sınayıb.
Gülhüseyn Abdullayev yarışda uğurla çıxış edərək üçüncü olub. 2006-cı ildən kartinq üzrə yarışlara qatılan Gülhüseyn avtomobil idman növü üzrə beynəlxalq yarışlarda iştirak edən ilk azərbaycanlıdır. Gülhüseyn hər il ənənəvi keçirilən açıq Türkiyə çempionatında iştirak edir. İdmançımız ötən il Türkiyənin açıq çempionatında ikinci olub. 1050 m-lik İzmir Ülkü Kartinq pistində keçirilən budəfəki yarışda idmançılar 2 gün boyunca gərgin mübarizə aparıblar. İdmançımız Gülhüseyn Abdullayev Formula Cunior kateqoriyasında ikinci olub. Kartinqçimiz senior kateqoriyasında da qüvvəsini sınayıb. O, bu yarışda üçüncü olub. Zərif cinsin nümayəndələrinin mübarizəsində təmsilçimiz Xədicə Quluzadə üçüncü pillədə qərarlaşıb. Qeyd edək ki, Türkiyə kartinq çempionatının növbəti mərhələsi aprel aynda keçiriləcək. Kartinqçimiz yarış təəssüratları barədə qəzetimizə danışarkən dedi: "Budəfəki Türkiyə çempionatında ilk dəfə olaraq böyüklər arasında çıxış etdim. Yarışda iştirakçıların sayı çox idi. Turnir çox maraqlı keçdi. Qaydalarda müəyyən dəyişikliklər edilmişdi. Bu dəyişiklik idmançıların sıralaması ilə bağlı idi. Sıralama keçirilən hər yarışın nəticəsinə görə müəyyənləşirdi. Böyüklər arasında üçüncü oldum. Digər iki pilləni Türkiyə milli komandasının üzvləri tutdular. Junior kateqoriyasında iki kubok qazandım. Komandamızda mənimlə birgə Xədicə Quluzadə də çıxış edirdi. O, 10 yaş qrupunda ilk dəfə olaraq çıxış etsə də, üçüncü yeri tutdu. Bu, 2013-cü ilin ilk yarışı idi. Əlbəttə ki, iki kateqoriyada çıxış etmək çətindir. Kartinq pistinin uzunluğu 1 km-dan çoxdur. Ümumilikdə hər yarışda 20 km-dan çox məsafə qət edirəm. Bakıdakı məşqlərdə fiziki hazırlğıma daha çox diqqət yetirirəm. Türkiyə çempionatı 7 mərhələdən ibarətdir. Növbəti yarış aprelin 27-28-də İstanbulda olacaq. Xatırladım ki, ötənilki Türkiyə çempionatında ikinci olmuşdum. Çalışacağam ki, bu yarışda da uğurlu nəticə göstərim”.