Fevralın 7-8-də Azərbaycan Hap Ki Do Federasiyası və "Qartal” Peşəkar İdman Klubunun birgə təşkilatçılığı ilə adıçəkilən idman növü üzrə respublika turniri keçirilib. Bakıda keçirilən yarışda Quba, Qusar, Şəmkir, Gəncə rayonlarının, eləcə də paytaxtın Qartal PİK (Sabunçu və "Hüseyn” filialları), "Hap ki do”, "Drakon”, "Zirə”, "Flaqman”, "Türkan”, "Mərd”, "Şahin”, "Rafael”, "Firdovs” komandalarının idmançıları qüvvələrini sınayıblar. Qeyd edək ki, bu, klubda hap ki do idman növü üzrə keçirilən ilk yarış olub. Respublika turnirində ümumilikdə 16 komandadan 145 idmançı qüvvəsini sınayıb. Yeniyetmə və gənclər arasında keçirilən yarışda həvəsləndirici peşəkar döyüşlər də təşkil edilib. Ümumi komanda hesabında birinci yerə "Qartal” PİK klubu çıxıb. Klubun "Hüseyn” filialı ikinci, "Sabunçu” filialı və "Flaqman” komandaları üçüncü yerlərə layiq görülüblər. İdmançılardan Əlişah Ətraflı (24 kq), Həzrətəli Həsənov (27 kq), Əlixan Piriyev (30 kq), Hacı İsmayılov (33 kq), Ovçu Məhəmmədov (36 kq), Nail Ovçuyev (48 kq), Cəfərli Cavidan (51 kq), Novruz Məhəmmədov (60 kq), Murad Babayev (67 kq), Əmirbəy Salahov (71 kq), Anar Piriyev (75 kq), Emin Bəşirov (81 kq) çempion adını qazanıblar. Yarışda fəallığı ilə fərqlənən "Qartal” PİK-in direktoru Yaqub İbrahimov turnirin təşkili ilə bağlı fikirlərini bizimlə bölüşdü: "Respublika turniri yüksək səviyyədə təşkil olunmuşdu. Klubun məşqçiləri Tahir Məmmədov və Muxtar Allahyarovun rəhbərliyi altında yarışa hazırlıq prosesi keçən idmançılarımız yarışda onlara bəslənilən ümidləri doğrultdular. Ümumilikdə komandanın çıxışından razı qaldım. Yarışın keçirilməsində bizə göstərdiyi köməyə görə Azərbaycan Hap Ki Do Federasiyasının prezidenti ustad Süleyman Məmmədliyə öz təşəkkürümü bildirirəm. Turnirin təşkilində bizə "Air-Tour” turizm şirkəti, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəhbərliyi yaxından dəstək oldu. Hazırda klubun yetirmələri İranın Kiş adasında keçiriləcək dünya çempionatına hazırlaşırlar. İnanıram ki, təmsilçilərimiz qarşıdakı yarışlarda da onlara bəslənilən ümidləri doğruldacaqlar”.