Türkiyənin Antalya şəhərində keçirilən "Turkish Open” beynəlxalq turnirinə yekun vurulub. İkinci dəfə təşkil olunan G1 kateqoriyalı beynəlxalq yarışda 70 ölkədən 1200 taekvondoçu mübarizə aparıb. Millimiz turnirdə
46 nəfərdən ibarət idmançı və məşqçi heyəti ilə təmsil olunub. 3 gün davam edən yarışda komandamızın üzvləri 1 qızıl, 1 gümüş və 6 bürünc medal qazanıb.
Kişilər arasında Mikayıl Əliyev (54 kq) rəqiblərinə şans verməyərək fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Gənc qızlar arasında Nərgiz Mirzəyeva (-42 kq) gərgin keçən final döyüşündə Fransa təmsilçisinə "qızıl” xal uğrunda mübarizədə məğlub olaraq gümüş medal qazanıb. Yeniyetmələr arasında Anar Hüseynli (-49 kq), gənc qızlar arasında Mehriban Məmmədova (-42 kq), Gülsüm Gültekin (-59 kq), Betül Bakir (-63 kq), kişilər arasında isə Məhəmməd Məmmədov (-58 kq) və Radik İsayev (-87 kq) yarışı bürünc medalla başa vurublar. Qeyd edək ki, Dünya Taekvondo Federasiyası və Türkiyə Taekvondo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda komandamız ATF-in vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi altında çıxış edib.