Martın 19-22-də İstanbulda karate üzrə 50-ci Avropa çempionatı keçiriləcək. Istanbulun Sinan Erdem Idman salonunda keçiriləcək yarışda 49 ölkədən 433 idmançı iştirak edəcək. Çempionatda karateçilər Bakı 2015 1-ci Avropa Oyunlarına vəsiqə əldə edəcəklər.
Ölkəmizi bu yarışda yıığma komandanın üzvləri təmsil edəcəklər. Baş məşqçi, əməkdar məşqçi Rəhman Hətəmov Avropa çempionu olan ötənilki heyətdən fərlqi olaraq, bu dəfə komanda yarışlarının heyətinə daha çox perspektivli idmançıları cəlb edib.
Milli komandamız kumite yarışlarında ilk dəfə tam heyətlə çıxış edəcək. Ötən il zədə səbəbindən Avropa çempionatından kənar qalan Rafael Ağayev (-75 kq) bu dəfə növbəti titulunu qazanmağa çalışacaq. Firdovsi Fərzəliyev (-60 kq), Niyazi Əliyev (-67 kq), Ayxan Mamayev (-84 kq) və Şahin Atamov, həmçinin qızlar arasında Nuran Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq) və Aytən Səmədli (+68 kq) fərdi yarışlarda mübarizə aparacaqlar. Komanda çempionatına Tural Ağalarzadə, Pənah Abdullayev, Asiman Qurbanlı, Orxan Heydərli, Rafaael Ağayev və Şahin Atamov qatılacaqlar.
Kata üzrə böyük məşqçi Vahid Ayvazov bu dəfə də Tural Balcanlı ilə Adilə Qurbanovanın çıxışına üstünlük verib. Beynəlxalq referilərimiz Cahangir Babayev, Yusif Məmədov, Rənad Əliyev, Vüqar Kərimov və Nərgiz Mehdiyeva Avropa çempionatını idarə edən hakimlər arasında olacaqlar.
Yarış ərəfəsində Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi məşqçilər, idmançılar və hakimlərlə görüşüb. İdmançılara uğurlar arzulayan federasiya prezidenti Yaşar Bəşirov qarşıdakı Avropa çempionatında milli komandadan yüksək nəticələr gözlədiyini deyib. Yığmanın baş məşqçi, əməkdar məşqçi Rəhman Hətəmov qarşıya qoyulan məqsədə nail olmaq üçün komandanın hərtərəfli hazır olduğunu bildirib. Milli komandanın kapitanı Şahin Atamov ötənilki uğuru təkrarlamağa çalışacaqlarını söyləyib. Federasiyanın 1-ci vitse-prezident, yığmanın baş sponsoru Azərbaycan Beynəlxalq Bankının (ABB) rəsmi nümayəndəsi İlham Qasımzadə milli komandamıza uğurlar arzulayıb və qarşıdan gələn Novruz bayramı münasibəti ilə idmançıları təbrik edərək onları bayram mükafatları ilə təltif edib. Xatırladaq ki, Azərbaycan milli komandası 2014-cü ilin may ayında Finlandiyanın Tampere şəhərində keçirilən Avropa çempionatında 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanmışdı. 3 final görüşünə çıxan milli komandamız tarixində ilk dəfə komanda yarışlarının qalibi olmuşdu. Şahin Atamov, Ayxan Mamayev, Niyazi Əliyev, Rafiz Həsənov, Asiman Qurbanlı və Tural Ağalarzadənin yer aldığı milli komandamız Avropa çempionu adını qazanmışdı. Şahin Atamov (-84 kq) və Niyazi Əliyev (-67 kq) gümüş, Nuranə Əliyeva isə qadınlar arasaında ilk dəfə qitə çempionatında bürünc medala yiyələnmişdilər.