İstanbul şəhərində keçirilən karate üzrə 50-ci Avropa çempionatına yekun vurulub. 47 ölkədən 433 idmançının iştirak etdiyi çempionatda Azərbaycan karateçiləri fərdi yarışları 3 medalla başa vurublar. Kişilər arasında beş çəki dərəcəsindən üçündə final görüşlərinə qatılan idmançılarımızdan Rafael Ağayev (75 kq) və Niyazi Əliyev (-67 kq) qızıl, Ayxan Mamayev isə (-84 kq) gümüş medal əldə edib. Bununla da Rafael Ağayev 12-ci, Niyazi Əliyev isə 2-ci dəfə Avropa çempionu adını qazanıb. Kata yarışlarında Tural Balcanlı bürünc medal uğrunda görüşdə tanınmış fransalı dünya və Avropa çempionatlarının mükafatçısı Min Duk Vu Dakka səddini aşa bilməyib və ilk beşlikdə yer alıb. Komanda yarışında Tural Ağalarzadə, Pənah Abdullayev, Asiman Qurbanlı, Ayxan Mamayev, Orxan Heydərli, Rafael Ağayev və Şahin Atamovdan ibarət heyətimiz bürünc medal uğrunda Almaniya yığması ilə mübarizə aparıb. Görüş 3:0 hesabı ilə Azərbaycan komandasının xeyrinə başa çatıb. Xatırladaq ki, ötən il Finlandiyada keçirilən Avropa çempionatında karateçilərimiz birinci pillədə qərarlaşmışdılar. Azərbaycan komandası budəfəki Avropa çempionatında medal qazanan 19 ölkə arasında ümumi hesabda 6-cı olub.