Türkiyənin İstanbul şəhərində Avropa Karate Federasiyasının növbəti konqresi keçirilib. Konqresdə Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Dünya Karate Federasiyası (WKF) Texniki Komitəsinin üzvü Yaşar Bəşirov iştirak edib. AMKF prezidenti Konqresdə 2020-ci ildə 55-ci Avropa çempionatının Bakıda keçirilməsi təklifi ilə çıxış edib. Bu təklif Avropa qurumu tərəfindən müsbət qarşılanaraq təsdiq edilib. Y.Bəşirov Azərbaycanda idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açıb, respublikamızın bütün dünyada idman ölkəsi kimi tanındığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Federasiya prezidenti bir neçə aydan sonra ölkəmizdə ilk Avropa Oyunlarının, eləcə də, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarının təşkil ediləcəyini xatırladıb. O, bütün bu uğurların Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğısı sayəsində əldə olunduğunu deyib. Yaşar Bəşirov 5 il sonra Avropa çempionatının da paytaxtımızda yüksək səviyyədə təşkil ediləcəyinə əmin olduğunu söyləyib.
Konqresdə iştirak edən Bakı-2015 1-ci Avropa Oyunlarının karate yarışları üzrə meneceri Dmitri Çigenev tədbir iştirakçılarına qarşıdakı məsul yarışla bağlı ətraflı məlumat verib və son hazırlıq işlərindən danışıb. "Avropa karate ailəsi səbirsizliklə Avropa Oyunlarını gözləyir. Bu mötəbər yarışın proqramına karatenin də daxil edilməsi çox yaxşıdır. Bu, karaatenin Olimpiadanın proqramına daxil olunması istiqamətində atılan ən mühüm addımlardan biridir”, - deyə o əlavə edib.