Beynəlxalq turnirdə 120 idmançı mübarizə aparıb

Beynəlxalq turnirdə 120 idmançı mübarizə aparıb


Martın 27-28-də Azərbaycan Muay-Tay Federasiyası və "Qartal” peşəkar idman klubunun birgə təşkilatçılığı ilə muay-tay üzrə beynəlxalq turnir keçirilib. "Qartal” PİK-in Zabratda yerləşən idman klubunda təşkil olunan yarışda ölkəmizlə yanaşı, Gürcüstandan ümumilikdə 120 idmançı qüvvəsini sınayıb. Yarış həm həvəskarlar, həm də peşəkarlar arasında təşkil edilib. Turnirin açılış mərasimində Zabrat Qəsəbə Bələdiyyəsinin sədri Adil Hənifəyev, "Qartal”PİK-in direktoru Yaqub İbrahimov, klubun fəxri üzvü Azər Məmmədov iştirak ediblər. Çıxış edənlər ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan söz açıblar. Qeyd olunub ki, respublikamızda Olimpiya idman növləri ilə yanaşı, qeyri-olimpiya idman növlərinin inkişafı üçün hərtərəfli şərait yaradılır. Dövlət himni səsləndirildikdən sonra yarışlara start verilib.
Həvəskarlar arasında keçirilən yarışda "Qartal” PİK-lə yanaşı, "Hüseyn”, "Drakon”, "Qaradağ”, "Zirə”, "Türkan”, "Flaqman”, "Zabrat”, "Cit-Kun-Do TT”, "Raiq”, "Mərd”, "Binə” komandaları və Xaçmaz, Qusar, Quba, Salyan, Şirvan rayonları, Gəncə şəhərinin idmançıları çıxış ediblər. Ümumi hesabda "Qartal”PİK-in Zabrat filialı 1-ci, "Hüseyn” və "Mərd” komandaları isə, müvafiq olaraq, 2-ci və 3-cü yerlərə layiq görülüblər.

Peşəkar yarışlarda Azərbaycan və Gürcüstan idmançıları qarşı-qarşıya gəliblər. Cavidan Cəfərli (57 kq) gürcü rəqibi Qaqa Martiaşvilini birinci raundda nakautla məğlubiyyətə uğradıb. Murad Babayev (67 kq) gənc olmasına baxmayaraq, boyuklər arasında çıxış edib və rəqibi Timur Qaqnadzeni nokaut edib. Digər təmsilçilərimiz Orxan Əkbərli (60 kq), Samir Eyniyev (63.5), Sahət Rəhmanlı (71 kq), Namiq Rəhmətullayev (75 kq), Mirkənan Seyidov (81 kq), Maşallah Ələkbərov (86 kq), Emin Bəşirov (91 kq) və Anar Piriyev (91+kq) də gürcüstanlı rəqiblərinə qalib gəliblər. Yeniyetmələr arasında keçirilən yarışlarda Ovçu Məhəmmədov, Qəmbər Əhmədov, Bəhruz Seyidov, Əlişah Ətraflı, Ceyhun Vəliyev, Rəfael Vəliyev, Rüfət Cabbarov, Nail Ovçuyev, İbrahim Ağayev, Saleh Cabbarov yüksək ustalıq nümayiş etdiriblər. Turnir başa çatdıqdan sonra "Qartal”PİK-in direktoru Yaqub İbrahimov yarışla bağlı fikirlərini bizimlə bölüşdü. "Ölkəmizdə bu cür yarışların keçirilməsi ənənə halını alıb. Belə yarışların təşkili gənclərin təcrübəsini artırmaqla yanaşı, onların püxtələşməsinə şərait yaradır. İnanıram ki, onlar bu təcrübədən yararlanaraq, gələcəkdə ölkəmizi növbəti beynəlxalq yarışlarda layiqincə təmsil edəcəklər. Fürsətdən istifadə edib, kluba və idmançılara göstərdiyi dəstəyə görə "Qartal”PİK-in fəxri üzvü Rafiq Əliyevə minnətdarlığımı bildirirəm”, - deyə o əlavə etdi.