Aprelin 14-20-də Masallı rayonunda ümummilli lider Heydər Əliyevin 92-ci ildönümünə həsr olunmuş atıcılıq üzrə rayon birinciliyi keçirilib.
Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Mərkəzində təşkil edilən birincilikdə 14-29 yaşlı gənclər və orta ümumtəhsil məktəblərinin IX-X sinif şagirdləri qüvvələrini sınayıblar. Yarışın açılış mərasimində çıxış edən Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bu yarışın əhəmiyyətindən danışıb. O bildirib ki, burada məqsəd yeniyetmələrlə aparılan hərbi vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, orta məktəb şagirdlərinin vətənə məhəbbət, milli mənəvi dəyətlərə hörmət hissinin gücləndirilməsi, güllə atıcılığının təbliği, güclü və perspektivli idmançıların aşkar edilməsidir.
6 qrup üzrə keçirilən yarışda ümumilikdə 60 məktəbın komandası iştirak edib. Yarışın finalında Qəriblər, F.Xancanov adına Musaküçəkənd, Q.İsmayılov adına Şərəfə, S. Hacıyev adına Kalinovka tam orta məktəblərinin komandaları mübarizə aparıblar. Yekunda Qəriblər kənd orta məktəbinin komandası yarışın qalibi adına layiq görülüb. F.Xancanov adına Musaküçə kənd orta məktəbinin komandası II yeri, Q. İsmayılov adına Şərəfə kənd orta məktəbinin komandası isə III yeri tutublar. Yarışlarda fəallıq göstərdiyinə görə S.Hacıyev adına Kalinovka kənd tam orta məktəbin komandası diplomla təltif edilib.
Qalib gəlmiş komanda üzvləri Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.