Bugünlərdə Lüksemburqda açıq beynəlxalq karate turniri keçirilib. Yarışda iştirak edən yığmamızın üzvləri, Avropa Oyunlarında ölkəmizi təmsil edəcək karateçilərimiz yarışı uğurla başa vurublar.
Kumite yarışlarında Niyazi Əliyev (-70 kq), Rafael Ağayev (-75 kq), Şahin Atamov (+84 kq), kata yarışlarında isə Tural Balcanlı "Luxemburg Open” yarışının qızıl medalına sahib çıxıblar. Ən ağır çəkidə qüvvəsini sınayan idmançımız Ayxan Mamayev (-84 kq) finaladək irəliləyib və həlledici döyüşdə qələbəni komanda yoldaşı Şahin Atamova verib. Rafael Ağayev turnirin "Ən yaxşı texnikaya görə” mükafatına da layiq görülüb. Milli komandanın baş məşqçisi, əməkdar məşqçi Rəhman Hətəmov, onun köməkçisi və böyük məşqçi Rəşad Hüseynov, həmçinin kata üzrə böyük məşqçi Vahid Ayvazovun rəhbərliyi altında yarışda iştirak edən komandamız 5 qızıl, 1 gümüş və 1 bürünc medalla 20 ölkə arasında birinci olub. Federasiyanın vitse-prezidenti Yusif Məmmədov və Hakimlər Komitəsinin sədri Cahangir Babayev yarışlarda ədaləti qoruyublar. Azərbaycan Milli Karate Federasiyasnın prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyət vətənə bu gün dönəcək. Qadınlardan ibarət milli komandamızın Avropa Oyunlarına növbəti hazırlıq yarışı isə mayın əvvəlində İstanbulda keçiriləcək nüfuzlu beynəlxalq turnir olacaq.