Seminar başa çatıb

Seminar başa çatıb

Azərbaycan Kyokuşinkaykan Karate Federasiyası may ayının 2-3-də "Birinci Avropa Oyunlarına dəstək” adlı kampaniya  çərcivəsində beynəlxalq seminar təşkil edib. Seminar  Azərbaycan Kyokuşinkaykan Karate Federasiyası və Beynəlxalq Kyokuşinkay Karate Federasiyasının prezidenti, 9-cu dan qara kəmər sahibi Teyyub Əzizovun rəhbərliyi altında keçirilib.  Seminarda Bakı, Sumqayıt, Gəncə şəhərlərinin, həmçinin Ağdam, Sabirabad, Bərdə, Siyəzən, Qazax və digər rayonların idmançıları iştirak ediblər. Beynəlxalq seminara xarici  ölkələrin nümayəndələri də  qatılıblar. Belə ki, Türkiyə 4, Gürcüstan 5, Rusiya 3, İran isə 6 nümayəndə ilə təmsil olunub. Federasiya prezidenti Teyyub Əzizov seminarda çıxış edərək deyib: "Bu gün təşkil etdiyimiz tədbir "Birinci Avropa Oyunlarına dəstək” kampaniyası çərçivəsində keçirilir. Biz sevinirik ki, belə möhtəşəm idman yarışının vətəni məhz Azərbaycan olacaq.  Ölkəmiz Avropa Oyunlarını yüksək səviyyədə keçirməyə tam hazırdır. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti respublikamızda idmanın inkişafına öz müsbət təsirini göstərir. Biz inanırıq ki, Avropa Oyunları yüksək səviyyədə keçiriləcək və idmançılarımız bu yarışlarda uğurla çıxış edəcəklər ". 

Federasiya rəhbərliyi bu cür seminarların rayonlarda keçirilməsini məqsədəuyğun sayır. Belə ki, növbəti seminarlar Sumqayıt, Gəncə şəhərlərində, həmçinin Şabran, Ağdam, Qazax, Yevlax rayonlarında təşkil olunacaq. Bu, bölgələrdə karatenin inkişafına və kütləviliyinə zəmin yaradacaq.