Rusiyanın Çelyabinsk şəhərində taekvondo üzrə böyüklər arasında keçirilən 22-ci dünya çempionatına yekun vurulub. 140 ölkədən 875 idmançının iştirak etdiyi yarışda ölkəmizi milli komandanın üzvləri təmsil ediblər.
Dünya çempionatı komandamız üçün uğurlu olub. Belə ki,-87 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionumuz Radik İsayev bütün rəqiblərini üstələyərək dünya çempionu titulunu qazanıb. Taekvondoçumuz Banqladeş təmsilçisinə 19:0, çin taypeyli idmançıya 13:3, fransalı döyüşçüyə 8:2 hesabı ilə qalib gələrək yarımfinal mərhələsinə vəsiqəni təmin edib. Xatırladaq ki, Radik ötən il Bakıda keçirilən Avropa çempionatınn finalında məhz fransalı rəqibini məğlub etmişdi. Yarımfinalda dünya çempionu Rafael Castillo ilə qarşılaşan Radik rəqibini 7:6 hesabı ilə məğlub edərək finala vəsiqəni təmin edib. Həlledici qarşılaşmada döyüşçümüz özbəkistanlı Cəsur Baykuziyevi məğlubiyyətə uğradaraq dünya çempionu tituluna yiyələnib.
Xatırladaq k, sonuncu dəfə dünya çempionatının qızıl medalını ölkəmizə 14 il əvvəl Koreyada Niyammədin Paşayev (68 kq) qazandırmışdı.