Ölkəmizdə bir sıra idman növləri ilə yanaşı, avtomobil idmanınında ənənələri olub. Qeyd edək ki, Azərbaycanda bu idman növü 1970-ci illərdə təşəkkül tapıb. 1988-ci ilə qədər komandamızın üzvləri bir sıra yarışlarda böyük uğurlar əldə ediblər. 1975-ci ildə "Sürət” klubunun nəzdində Respublika Texniki İdman Klubu (RTİK) yaradılıb. Nəqliyyat Nazirliyinin balansında yaradılan RTİK SSRİ-də keçirilən dairəvi və avtoralli yarışlarında iştirak edib. Həmin vaxt Kiyev və Minskdə təşkil edilən bir sıra yarışlarda komandamız kuboka sahib olub.
Bu idman növü hazırda ölkəmiz üçün yenidir və uşaqlar arasında avtomobil idman növünü inkişaf etdirmək vacibdir. Çünki onlar gələcəyin tanınmış idmançıları ola bilərlər.
Avtomobil İdmanı Federasiyası (AAİF) 1998-ci ildə yaradılıb. 2010-cu ildə "BAKUKARTİNQ” və "Tornado” avtomobil idman klubu federasiyaya üzv yazılıblar.
Uşaqlar arasında bu idman növünü inkişaf etdirmək məqsədilə Avtomobil İdmanı Federasiyası tərəfindən mütəmadi olaraq kartinq yarışları keçirilir. Yaxın gələcəkdə isə avtomobil idmanı üzrə digər yarışların təşkili planlaşdırılır. Bu idman növü üzrə perspektivli idmançılarımız yetişməkdədir. Belə idmançılardan Adil Axundov, Gülhüseyn Abdullayev, Xədicə Quliyeva və digərlərinin adlarını çəkmək olar. Yüsək potensiallı idmançı Gülhüseyn Abdullayev beynəlxalq yarışlarda da iştirak edir və mükafatalayiq yerlər tutur. Federasiyanın təşkilatçılığı ilə tarixi günlər və bayramlar münasibətilə mütəmadi olaraq yarışlar təşkil olunur. Belə yarışlardan biri ötən il iyunun 15-də Gənclər və İdman Nazirliyi və Avtomobil İdmanı Federasiyasının dəstəyi ilə Bakı-Sumqayıt şosesi altıda Milli Qurtuluş Gününə və "İdman” qəzetinin yaradılmasının 80 illik yubileyinə həsr olunmun avtomobil idmanı üzrə Azərbaycan çempionatı olub. Yarışda Respublika Texniki İdman Klubu (RTİK), "Ümid” Avtomobil İdman Klubu və Bakı Kartinq Mərkəzinin komandası bacarığını nümayiş etdirib. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda Gülhüseyn Abdullayev (RTİK) bütün rəqiblərini üstələyərək Azərbaycan çempionu adına layiq görülüb. Aleksandr Qrunin ("Ümid” AİK) və Adil Axundov (RTİK) isə ikinci və üçüncü yerləri bölüşdürüblər.
Buyaxınlarda Avtomobil İdmanı Federasiyasının hesabat-seçki konfransı keçirilib. Konfransda federasiyanın prezidenti Çingiz Baxişev qurumun fəaliyyəti barədə iştirakçılara məlumat verib. Federasiya prezidenti bildirib ki, respublikamızda ilk dəfə olaraq 2011-2012-ci illərdə kartinq yarışları keçirilib. "Citi Chelincer” yarışlarının paytaxtımızda keçirilməsi avtomobil idman növünün təbliği üçün böyük əhəmiyyət kəsb edir. Təbii ki, istərdik ki, belə beynəlxalq yarışlara respublikamız başçılıq etsin, lakin təsisçi büdcə təşkilatı olduğundan, avtomobil idman növlərinin tam bərpası və inkişafı üçün zəruri olan ərazinin ayrılması, müasir standartlara cavab verən motodromun tikilməsi, şoselərin yaradılması, yüksək standartlı idman maşınları ilə təchiz olunma məsələləri imkanımız xaricindədir. Bütün bu problemlərin aradan qaldırılması xeyli miqdarda vəsait tələb etdiyindən, yalnız dövlət səviyyəsində həll oluna bilər”, - deyə o bildirib. Sonra federasiyaya prezident, vitse-prezident, baş katib və İcraiyyə Komitəsinin üzvləri seçilib. Qeyd edək ki, Çingiz Baxişev federasiyanın prezidenti seçilib. Mədət Quliyev, Rauf Orucov, Yaqub Novruzəliyev və Azər Əsgərov vitse-prezident seçiliblər. Şalbuz Aydəmirov federasiyanın baş katibi, Süleyman Süleymanov isə federasiyanın icraçı direktoru seçilib.
Məlumat üçün bildirək ki, 2012-ci ildə Türkiyədə Beynəlxalq Avtomobil İdmanı Federasiyasının iclası keçirilib. İclasda ölkəmizi federasiyanın üzvləri Şalbuz Aydəmirov və Hikmət Əliyev təmsil ediblər. Tədbirdə avtomobil idmanı üzrə baş verən yeniliklər, mili federasiyalarda avtomobil idmanının inkişafı istiqamətində görülən işlər və s. məsələlər barədə müzakirələr aparılıb.
Mart ayında kartinq üzrə açıq Türkiyə çempionatı keçirilib. Çempionatda 3 təmsilçimiz bacarığını nümayiş etdirib. Kartinqçilərimiz ümumilikdə 3 medal qazanıblar.
Federasiyanın baş katibi Şalbuz Aydəmirovun bizə verdiyi məlumata görə, 2013-cü ildə də avtomobil idmanı üzrə bir sıra yarışların təşkili nəzərdə tutulub.
Belə ki, aprel ayında avtomobillə fiqurlu maneələrin dəf olunması üzrə Azərbaycan çempionatı keçiriləcək. Yarışda 30 idmançının iştirakı planlaşdırır. May ayının 13-15-də kartinq üzrə Azərbaycan çempionatı olacaq. İyul, sentyabr və noyabr aylarında isə slalom, dreq reysinq və sprint üzrə respublika çempionatı təşkil ediləcək.
Esmira Orucova