Martın 16-17-də Fransada pençak silat üzrə Avropa çempionatı keçirilib. Yarışda ölkəmizin idman şərəfini Azərbaycan Pençak Silat Federasiyasının vitse-prezidenti Abbas Hünbətovun rəhbərliyi altında 11 idmançımız qoruyub. 17 ölkənin iştirakı ilə keçirilən qitə çempionatında komandamız uğurla çıxış edərək ümumi hesabda birinci pillədə qərarlaşıb. Komandamızın üzvləri Avropa çempionatında 6 qızıl, 2 gümüş, 1 bürünc medala sahib çıxıblar. Təmsilçilərimizdən Məqami Bayramov (85-90 kq), Əmrah Orucov (80-85 kq), Elman Həsənov (75-80 kq), Həbib Cəfərov (65-70 kq), İlyas Hünbətli (35-38 kq), Günel Həsənzadə (60-65 kq) bütün rəqiblərini üstələyərək çempion adını qazanıblar. Fuad Babayev (50-55 kq), Nuranə Soltanova (65-70 kq) gümüş medal əldə ediblər. Nigar Qəniyeva (55-60 kq) bürünc medala sahib çıxıb. İdmançılarımızın yarışda iştirakı barədə qəzetimizə məlumat verən Azərbaycan Sindo-ryu və Pençak Silat Federasiyasının vitse-prezidenti Abbas Hünbətov komandanın yarışda uğurlu çıxışından danışdı: "Sevindirici haldır ki, Azərbaycan yığması bütün Avropa ölkələrini geridə qoydu. Xatırladım ki, ötən il idmançılarımız Fransanın və Avstriyanın açıq çempionatlarında, Ukraynada keçirilən açıq Avropa çempionatda uğurlu çıxış etmişdilər. Amma noyabrda Tailandda keçirilən dünya çempionatında, təəssüf ki, idmançılarımız medal qazana bilməmişdilər. Dünya çempionatında çox güclü rəqabət var idi. Bu yarışdan qayıtdıqdan sonra komandanın hazırlığı üzərində ciddi iş aparıldı. İdmançılarımızın zəif cəhətlərini aradan qaldırmağa çalışdıq. Sevindirici haldır ki, əziyyətimiz hədər getmədi və döyüşçülərimiz öz güclərini bütün Avropaya nümayiş etdirdilər. 6 qızıl, 2 gümüş, 1 bürünc medal bizim üçün çox yüksək nəticədir. Bu yarışda yığmanın üzvləri Həbib və Elxan Cəfərovdan qızıl medal gözləyirdim. Həbib Cəfərov barədə proqnozlarım özünü doğrultdu.
O, yüksək səviyyəli döyüş nümayiş etdirərək çempion oldu. Komandamızın digər təcrübəli üzvləri də etimadı doğrultdular. Sevindirici haldır ki, qitə çempionatı bizim üçün uğurla başa çatdı. Qeyd edim ki, Avropa Pençak Silat Federasiyasının prezidenti Azərbaycan komandasının uğurlu çıxışına görə Azərbaycan Sindo-ryu və Pençak Silat Federasiyasının ünvanına təşəkkür məktubu da ünvanlayıb. Bu o deməkdir ki, beynəlxalq qurum nümayəndələri federasiyamızın fəaliyyətini yüksək qiymətləndirir”. Qeyd edək ki, bu il pençak silat üzrə yığma komandamızı mayın 15-22-də Malaziyada keçiriləcək tələbələrin dünya çempionatı gözləyir. İlin əsas yarışlarından biri iyunda İndoneziyada keçiriləcək İslam Ölkələrinin Həmrəylik Oyunları olacaq. Vitse-prezident bu yarışa hazırlıqla bağlı da məlumat verdi: "İslam Oyunlarında 8 idmançımız qüvvəsini sınayacaq. 5 kişi, 3 qadın idmançımızla yanaşı, 2 hakim və 2 məşqçi də bu yarışa yola düşəcək. İslam Oyunlarında əsas rəqiblərimiz Malaziya, İndoneziya və Sinqapur olacaq. Qeyd edim ki, pençak silatın vətəni İndoneziya olduğundan, bu ölkənin təmsilçiləri həmin yarışda favorit komandalardan olacaq. Amma son illərdə ölkəmizdə pençak silat yüksək səviyyədə inkişaf edib. Artıq digər ölkələrin təmsilçiləri Azərbaycan idmançılarına ciddi rəqib kimi baxırlar. İnanıram ki, komandamızın üzvləri qarşıdakı yarışlarda da onlara bəslənilən ümidləri doğruldacaqlar”.