Karateçilərimiz Qətərdən medalla dönüblər

Karateçilərimiz Qətərdən medalla dönüblər

Azərbaycan karateçiləri Qətərin paytaxtı Dohada keçirilən 4-cü beynəlxalq turniri 7 medalla başa vurublar. Yarışa yollanan 1-ci Avropa Oyunlarının 8 iştirakçısı 7 final döyüşü keçirməklə 3 qızıl və 4 gümüş medala sahib olub. Firdovsi Fərzəliyev (-60 kq), Şahin Atamov (+84 kq) və Tural Balcanlı (kata) turnirin qalibi adını qazanıblar. Ayxan Mamayev (-84 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva və Ədilə Qurbanova (kata) isə gümüş medala sahib çıxıblar. Bu nəticə ilə Azərbaycan ümumi komanda hesabında ilk pilləyə yüksəlib. Mükafatlandırma mərasimində Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov və Azərbaycanın Qətərdəki fövqəladə və səlahiyyətli səfiri Tofiq Abdullayev iştirak ediblər. Y.Bəşirov T.Abdullayevə, eləcə də yarışda iştirak edən digər ölkələrin karate federasiyaları rəsmilərinə AMKF-in 20 illik yubiley medalını və idmançılarımızın uğurlarından bəhs edən fotoalbom hədiyyə edib. Qətərli həmkarları və qonaqlar da Yaşar Bəşirova xatirə hədiyyələri bağışlayıblar.
Vətənə dönən milli komandamız tam heyətlə Qəbələyə təlim-məşqlərə yola düşüb.