Avropa Oyunlarının karate yarışlarında

Avropa Oyunlarının karate yarışlarında


Kişilər

İyunun 14-də «Cristall Hall»da karate yarışlarının növbəti görüşləri keçirildi. Yığmamızın üzvlərindən biri olan Şahin Atamov (84+) türkiyəli rəqib Erkan Enesə uduzub- 1:10. Növbəti görüşdə də o, qələbə qazana bilməyib. Belə ki, Şahin makedoniyalı idmançı Martin Nevstrovskiyə məğlub olub-3:5. Son qarşılaşmada da idmançımız rəqibinə uduzub. Yunanıstanlı Spukidon Marqaritapoublosa uduzan Şahin Atamov (0:2) Avropa Oyunlarını medalsız başa vurub.

Çəkisi 84 kq-dan az olan idmançıların mübarizəsində təmsilçimiz Ayxan Mamayev ona bəslənilən ümidləri doğrulub. O, ilk görüşdə yunanıstanlı Mikail Georgius Tzanosla heç-heçə edib. İkinci görüşdə Ayxan Ukraynalı Yaroslav Horunadan üstün olub - 6:3. Fransalı Tenji Qrillo da idmançımıza müqavimət göstərə bilməyib - 1:6. Yarımfinalda Alvin Karaqi (Kosova) ilə görüş idmançımızın xeyrinə başa çatıb. Ayxan bu görüşdə də 6:1 hesablı qələbəyə sevinib. Ayxan Mamayevin finaldakı rəqibi yenidən yunan karateçi olub. İlk görüşdə heç-heçə razılaşan Mikail Georgiusa Tzanos finalda Ayxanın rəqibi olub. Bu qarşılaşmada idmançımız qələbə edib. Milli komandamız növbəti qızıl medalını əldə edib.

Qadınlar

Qadın karateçilərin mübarizəsində də maraqlı qarşılaşmalar olub. İyunun 14-də keçirilən kumite yarışlarında ölkəmiz qadın idmançı ilə təmsil olunub. 68+ kq çəki dərəcəsində çıxış edən xanım təmsilçimiz Aytən Səmədli keçirdiyi hər üç görüşdə məğlubiyyətlə üzləşib. O, xorvatiyalı Mosa Martiinoviçə (1:2), Fransalı Naqede Ait İbrahimə (0:5) və İsveçli Hana Antunoviçə (1:9) uduzaraq yarışları başa çatdırıb.
Aytən Səmədlidən fərqli olaraq, İrina Zenetska (68 kq) uğurlu çıxış edib. İrina finala gedən yolda əvvəlcə ispaniyalı Kristina Viskoinovanı (6:1) məğlub edib. Avstraliyalı Alisiya Tereza Buçingerlə görüşdə isə o, qələbəni əldən verib. - 0:4 Lakin bu məğlubiyyət kakrkteçimizi ruhdan salmayıb. İrina növbəti görüşdə yunanıstanlı Vasiliki Paten Sidonu mübarizədən kənarlaşdırıb -1:0. Yarımfinalda monteneqrolu Marina Rakoviç idmançımızın finala gedən yolunu bağlaya bilməyib -0:1. Finalda İrina ikinci görüşdə məğlub olduğu avstriyalı idmançı ilə yenidən üz-üzə gəlib. Mariya Terezanı məğlub edən karateçimiz komandamızın aktivinə növbəti qızıl medalı qazandırıb.