"İlk medal digər taekvondoçularımızı da qələbəyə ruhlandıracaq”
Bu sözləri Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev taekvondoçularımızın çıxışları ilə bağlı deyib.
- Taekvondo idman növündə artıq bürünc medal əldə etmişik. Komandamızın üzvü Patimat Abakarovadan əslində qızıl medal gözləyirdik. Təəssüf ki, idmançımız yarımfinalda rəqibinə «qızıl xal»la məğlub oldu. Buna baxmayaraq, Patimat bürünc medal uğrunda döyüşdə bütün qüvvəsindən istifadə edərək rəqibinə böyük üstünlüklə qalib gəldi. İnanıram ki, ilk medal digər taekvondoçularımızı da qələbəyə ruhlandıracaq. Komandamızın heyətində Radik İsayev, Fəridə Əzizova kimi təcrübəli taekvondoçularımız yer alıblar. İnanıram ki, bu idmançılarımız qızıl medallar qazanaraq, bayrağımızı yüksəldəcək, himnimizi səsləndirəcəklər. Onu da deyim ki, yarışda rəqabət çox güclüdür. Elə təkcə qadınlar arasında 57 kq, kişilər arasında 68 kq çəki dərəcəsində 4 dünya, 3 Olimpiya çempionu mübarizə aparır.