İki güləşçimiz finalda

İki güləşçimiz finalda



Yarışlar davam edir.
Avropa Oyunlarının ilk yarış günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz iki dəst medal qazanıblar.
Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olublar.
Qadın güləşçilərin yarışında təmsilçilərimiz 2 qızıl və 1 bürünc medal qazanıblar. Qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq), bürüncü isə Nataliya Sinişin (55 kq) qazandırıb.
İyunun 17-də keçirilən sərbəst güləş yarışlarının ilk günündə 57 kq, 65 kq, 74 kq və 97 kq çəkidə pəhləvanlar mübarizə aparırlar.
Olimpiya çempionumuz Toğrul Əsgərov və dünya çempionatının gümüş mükafatçısı Xetaq Qazyumov finaldadırlar. Digər idmançılarımız Cəbrayıl Həsənov (74 kq) və Yaşar Əliyev bürünc medal uğrunda yarışacaqlar.
65 kq-da mübarizə aparan Olimpiya çempionumuz Toğrul Əsgərov finala qədər maneəsiz irəliləyib. İlk olaraq Rusiya təmsilçisi İlyas Bekbulatovu gərgin keçən görüşdə mübarizədən kənarlaşdıran güləşçimiz, daha sonra Moldovadan Mihail Sava, Fransadan Maxime Fiquet, yarımfinalda isə Belarus Azamat Kurikau üzərində inamlı qələbə qazanıb. Qızıl medal uğrunda son görüşdə Toğrulun rəqibi İtaliyadan Frank Çamizo olacaq.
Yığma komandamızın kapitanı Xetaq Qazyumov (97 kq) mübarizəyə təsnifat mərhələsindən qoşulub. Ardıcıl olaraq Polşadan Radoslav Baran, Moldovadan Nikolay Ceban, Belarusdan İbrahim Saidaunu mübarizədən kənarlaşdıran Xetaq Qazyumov yarımfinalda Rusiya idmançısı Abdusalam Qadisov üzərində inamlı qələbə qazanıb və finala yüksəlib. Finalda güləşçimizin rəqibi gürcü idmançısı Elizbar Odikadze olacaq.
57 kq çəkidə mübarizə aparan Yaşar Əliyev yarışa Fransadan Zoheir El Ouarraqe və Ermənistan idmançısı Qarik barseqyan üzərində inamlı qələbə ilə başlayıb. Yarımfinalda Rusiya idmançısı Viktor Lebedevlə gərgin keçən görüş rəqibin üstünlüyü ilə tamamlanıb. Bürünc medal uğrunda həlledici görüşdə güləşçimizin rəqibi Türkiyə təmsilçisi Sezer Akgül olacaq.
74 kq çəkidə yarışan Cəbrayıl Həsənov ilk görüşdə macar Mihaly Nagy üzərində qələbə qazansa da, ikinci görüşdə Türkiyə idmançısı Söner Demirtaşa məğlub olub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılan Cəbrayıl Finlandiya idmançısı Henri Seleniusu mübarizədən kənarlaşdırıb. Bürünc medal uğrunda həlledici görüşdə onun rəqibi Bolqarıstan təmsilçisi Kiril Terziev olacaq.