Çingiz Hüseynzadə: «Biz inanırdıq ki, hər gün öz idmançılarımızın qələbələrini qeyd edəcəyik»

Çingiz Hüseynzadə: «Biz inanırdıq ki, hər gün öz idmançılarımızın qələbələrini qeyd edəcəyik»



İyunun 17-də Milli Olimpiya Komitəsində növbəti «Zəfər günləri» tədbiri keçirilib. Tədbirdə iyunun 16-da Avropa Oyunlarında medal qazanan idmançılarımız və rəsmilər iştirak ediblər. Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə tədbirin yekununda KİV nümayəndələri ilə fikirlərini bölüşüb:
- Milli Olimpiya Komitəsi «Zəfər günləri» layihəsinə başlayarkən, biz inanırdıq ki, hər gün öz idmançılarımızın qələbələrini qeyd edəcəyik. Düzdür, hər gün medalların olacağına tərəddüd edənlər də var idi. Amma biz buna çox inanırdıq. Gördüyünüz kimi, artıq 5-ci gündür və biz hər gün bu qələbələri qeyd edirik. İdmançılarımızdan qarşıdakı günlərdə də uğurlu nəticələr gözləyirik. Sambo, cüdo, boks idman növlərində də atletlərimizə böyük ümidlər bəsləyirik. Basketbol və voleybolda da böyük uğurlara şanslarımız var. Bütün mətbuat işçilərini hər gün Milli Olimpiya Komitəsində idmançılarımızın şanlı qələbələrini birgə qeyd etməyə dəvət edirəm.