«Oyunlarda iştirak etməklə neçə-neçə əlil insanı cəmiyyətdə yer tutmağa ruhlandıracağam»

«Oyunlarda iştirak etməklə neçə-neçə əlil insanı cəmiyyətdə yer tutmağa ruhlandıracağam»



Birinci Avropa Oyunlarının işıqlanlandırılmasında KİV-lərin xüsusi rolu var. Bunu yarışlarda iştirak etdiyimiz vaxt aydın görürük. İstər yerli, istərsə də əcnəbi həmkarlarımız Oyunlardan canlı reportajlar, operativ informasiyalar hazırlayırlar. Media üçün ayrılmış otaqda olduğumuz vaxt əlil arabasında olan fotoqraf diqqətimizi çəkdi. Yaxınlaşıb, onun iş prosesi ilə maraqlandıq. Müsahibimiz Milli Paralimpiya Komitəsinin koordinatoru, «Arabaçı TV»nin rəhbəri, fotoqraf İlham Məhərrəmovdur.
Yarışlardan fotolar çəkən müsahibimiz bizimlə səmimi söhbət etdi.

- İlham müəllim, birinci Avropa Oyunlarında iştirak etmək təşəbbüsü necə yarandı?

- Avropa Oyunlarının Azərbaycanda keçirilməsi təsdiq olunandan sonra könüllülərin seçiminə start verildi. Bu yarışlarda iştirak etməyi çox istəyirdim. Bunun üçün Gənclər və İdman Nazirliyinə və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinə (BEGOK) müraciət etdim. Seçim tutu əsasında içimizdən 20 nəfər əlill könüllü kimi qeydiyyatdan keçdi. Həmin könüllüləri demək olar ki, bütün idman obyektlərində görmək olar. Onlarla tez-tez əlaqə saxlayıram. Mən özüm də burada könüllü kimi beş sahəyə nəzarət edirəm. Media kimi bütün sektorlara giriş icazəm var. Mən bununla sübut etməyə çalışdım ki, əlil insanlar da cəmiyyətin bir hissəsidir. Ola bilsin ki, məndən də istedadlı olan əlil insanlar var. Lakin əlil olduğuna görə heç bir yerdə görünmürlər. Sübut etməyə çalışdım ki, əlillik hər şeydən məhrum olmaq deyil. Əsas təbliğatdır. Hesab edirəm ki, bu Oyunlarda iştirak etməklə neçə-neçə əlil insanı cəmiyyətdə yer tutmağa ruhlandıracağam.



- Əlil olmağınız nə ilə əlaqədardır?

- 1992-1994-cü illərdə Qarabağ uğrunda döyüşlərdə iştirak etmişəm. Bundan əvvəl isə SSRİ ordu sıralarında xidmət etmişəm. Torpaqlarımızın azadlığı uğrunda döyüşlərə könüllü yollanmışam. Döyüşlərin birində ağır yaralanıb, əlil olmuşam.

- Bir qədər də buradakı fəaliyyətinizdən danışardınız.

- «Crystal Hall»da media qrupunun rəhbəriyəm. Burada işləyən media nümayəndəlrini maraqlandıran sualları cavablandırırıq. Özüm isə fotoqraf kimi fəaliyət göstərirəm. Bundan başqa, «Arabaçı Tv»nin yaradıcısıyam. Bu sahə mənim ictimai fəaliyyətimə daxildir. Bu televiziyanı yaratmaqla sübut etməyə çalışdım ki, əlil insanlar da media sahəsində fəaliyyət göstərə bilər.

- Oyunlar barəsində nə deyə bilərsiniz?

- Demək olar ki, «Crystal Hall»da keçirilən hər bir yarışda iştirak edirəm. Fotoaparatımın yaddaşına həkk etdiyim elə şəkillər var ki, onları yalnız mən çəkmişəm. Məsələn, voleybolçu qızlarımız qələbə qazandıqdan sonra mən tərəfə gəldilər. Əlil arabasında olmağım diqqətdən qaçmadı. Fürsətdən istifadə edib onların qələbə sevincini fotoaparat yaddaşına həkk etdim. İdmançılarımızın qələbə sevinci məni daha da ruhlandırır.