İyunun 18-də Azərbaycan Milli Olimpiya Komitəsi Avropa Oyunlarının qalib və mükafatçılarını, idmansevərləri, KİV nümayəndələrini öz doğma ağuşuna alıb. Komitənin binasının qapıları birinci Avropa Oyunlarında ölkəmizin atletlərini dəstəkləyən, onların qazandıqları uğurlarla bağlı sevinclərini bölüşən, qaliblərlə görüşmək istəyən və Bakı-2015 Avropa Oyunları kimi tarixi hadisənin şahidi olmaq istəyənlərin üzünə açılıb. İdman ictimaiyyətinin nümayəndələri ilə görüşə iyunun 17-də yarışlarda Azərbaycanı uğurla təmsil edən Avropa Oyunlarının qalibləri Olimpiya çempionu Toğrul Əsgərov, Olimpiya oyunlarının bürünc mükafatçısı Xetaq Qazyumov, gənc taekvondoçu Ayxan Tağızadə və Avropa Oyunlarının bürünc mükafatçısı Cəbrayıl Həsənov gəlmişdilər.
İyunun 17-də "Zəfər Günləri” adı altında Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) birinci Avropa Oyunlarında medal qazanan idmançılarımızla ictimaiyyət nümayəndələrinin növbəti görüşü təşkil edilib.
Görüşdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil naziri Mikayıl Cabbarov və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirin əvvəlində Azərbaycan idmançılarının birinci Avropa Oyunlarında qazandıqları parlaq qələbələrdən bəhs edən görüntülər nümayiş olunub.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib ki, yarışların beşinci günündə 21 dəst medalın sahibi artıq bəllidir. Hesabına 3 medal əlavə edən Azərbaycan yığmasının aktivindəki medalların sayı 19-a çatıb. Aktivində 8 qızıl, 3 gümüş və 8 bürünc medal olan yığmamız qeyri-rəsmi komanda hesabına və ümumi medal sayınya görə II pillədə qərarlaşıb. "Biz inanırıq ki, idmançılarımız sonrakı günlərdə də qələbələr qazanacaqlar və biz burada onlarla qələbə sevincini bölüşəcəyik. Zəfər günlərimiz hələ qabaqdadır. Mən sizin hamınızı qələbə münasibətilə təbrik edirəm və idmançılarımıza uğurlar arzulayıram”, - deyə Ç.Hüseynzadə bildirib.
Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək deyib: "Birinci Avropa Oyunlarında idmançılarımızın qələbələri bizi çox sevindirir. Bununla yanaşı, Azərbaycan Prezidentinin Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini "Şərəf” ordeni ilə təltif etməsi də bizi xeyli məmnun etdi. Bu, ölkəmizə göstərilən yüksək etimada verilən qiymətdir.
Gənclər və İdman naziri görüşdə iştirak edən təhsil naziri Mikayıl Cabbarovu Azərbaycan Badminton Federasiyasının prezidenti təyin edilməsi münasibətilə təbrik edib və xoş sözlərinin bildirib. Mikayıl Cabbarov görüşdə idmançılarımızın parlaq qələbələri ilə hər bir azərbaycanlıda qürur hissi yaşatdıqlarını bildirib və qalibləri təbrik edib.
Sonra medal qazanan idmançılarımıza MOK-un xüsusi hədiyyələri təqdim olunub.
Bakı-2015 birinci Avropa Oyunlarında qadınlar arasında güləş yarışlarının ikinci günündə qızıl medal qazanan Anjela Doroqan deyib: "Qələbə sevincini sözlə ifadə etmək çox çətindir. Çünki bu, idman karyeramda qazandığım ilk qızıl medaldır. Azərbaycanda keçirilən birinci Avropa Oyunlarında tarix yazmağı bacardım. Mənə göstərilən etimadı doğrultdum və bayrağımızı ucaltdım”.
Avarçəkmə yarışlarında gümüş medal qazanan Valentin Demyanenko isə finaldakı çıxışının uğurlu alınmadığını vurğulayaraq deyib: "Qızıl medal üçün qalibdən 0,078 saniyə geri qaldım. Bu yarışın qalibi olan 20 yaşlı latviyalı Henrikas Yustautas güclü idmançıdır. Ümid edirəm ki, gələcəkdə ona yenə də rəqib olacağam.”
MOK-un "Zəfər günləri” adlı xüsusi tədbirinə iyunun 14-də start verilib. Tədbir ayın 29-dək davam edəcək.