İki taekvondoçumuz finalda

İki taekvondoçumuz finalda


Bakı-2015 Avropa Oyunlarında taekvondo yarışları davam edir.
Bu gün daha 2 dəst medal öz sahibini tapacaq.
Kişilər 80, qadınlar 67 kq çəki dərəcəsində qitənin ilk Oyunlarının ən güclüsünü müəyyənləşdirəcəklər.

Taekvondo

Kişilər
80 kq

Bu çəki dərəcəsində yığmamızı təmsil edən Milad Beiqi Harçeqani ilkin mərhələdən yarışa qoşulub. O, ilk cəhdində serbiyalı Damir Feyziçlə üz-üzə gəlib. Taekvondoçumuzun rəqibi üzərində inamlı qələbə qazanıb – 12:0. Milad 1/4 finalda da özünü yaxşı tərəfdən göstərib. Böyük britaniyalı Muhammed Lutalo ilə üz-üzə gələn təmsilçimiz bu döyüşü də vaxtından əvvəl xeyrinə bitirib (17:5).
Harçeqani yarımfinalda portuqaliyalı Julio Ferreyra ilə inamla yarışaraq finala vəsiqə qazanıb.

Qadınlar
67 kq

Gənclər arasında dünya çempionumuz Fəridə Əzizova ilk döyüşünü Yoyse Van Baarinə qarşı keçirib. İlkin mərhələyə təsadüf edən qarşılaşma həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Əzizova rəqibini 2:0 hesabı ilə məğlub edib. Taekvondoçumuz 1/4 finalda türkiyəli Nur Tatarla döyüşüb. O, görüşün startında hesabda geri düşsə də, inamlı döyüş sayəsində qarşılaşmanın ssenarisini dəyişə bilib. Nəticədə Avropa çempionuna 6:2 hesabı ilə qalib gələn Əzizova yarımfinala vəsiqə qazanıb. Bu görüşdə isveçli Elin Yohanssonla üz-üzə gələn idmançımız 5:2 hesabı ilə finala çıxıb.
Qeyd edək ki, taekvondo yarışlarının ilk 2 günündə yığmamızın heyətində Ayxan Tağızadə (68 kq) qızıl, Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.
Sabah keçiriləcək daha 2 çəki dərəcəsi ilə taekvondo yarışlarına yekun vurulacaq.