Bakı-2015 Avropa Oyunlarında boks yarışları davam edir.
İyun 19-da 6 çəkidə 1/8 mərhələsinin görüşləri keçiriləcək. Azərbaycan yığmasının 5 boksçusu bu gün rinqdə 1/4 finala vəsiqə uğrunda yarışacaqlar.
Kişilər
Yığmamızın üzvü Tayfur Əliyev (56 kq) mübarizəyə 1/8 finaldan qoşulub. İlk döyüşündə rumıniyalı Nikolae Andreiana ilə qarşılaşan Avropa çempionatının gümüş medalçısı inamlı qələbə qazanıb. O, rəqibini məğlub etməkdə ciddi çətinlik çəkməyib - 3:0 (30:27; 29:28; 30:27). Əliyev 1/4 finalda Fredrik Yensenlə (Danimarka) gücünü yoxlayacaq. Görüş iyunun 22-də saat 14:00-da olacaq.
Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov (81 kq) mübarizəni 1/8 finaldan davam etdirəcək. Əvvəlki mərhələdə Böyük Britaniya təmsilçisi Coşua Buatsini üstələyən həmyerlimiz bu dəfə polşalı Yordan Kulinski ilə üz-üzə gələcək. Döyüş saat 21:15-də olacaq.
Əsas medal ümidlərimizdən olan ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhməmədrəsul Məcidov (+91 kq) da 1/8 finaldan mübarizəyə başlayacaq. Komandamızın kapitanı 1/16 finalda ukraynalı Vladislav Sirenkonu məğlub edən Gürcüstan təmsilçisi Mixail Baxtidzeni sınağa çəkəcək. Görüş saat 21:45-də başlayacaq.
Qadınlar
Qadın boksçularımız arasında rinqə ilk olaraq Anaxanım Ağayeva (51 kq) çıxıb. Gənc idmançımız 1/8 finalda qitə çempionatının ikincisi olmuş təcrübəli Sandra Drabiklə (Polşa) döyüşüb. Qarşılaşma boksçumuz üçün uğurlu alınmayıb və rəqib 3:0 (40:36; 40:36; 40:36) hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlib.
Azərbaycanı bu çəkidə təmsil edən Leyla Cavadova (75 kq)1/8 finalda rusiyalı Yaroslava Yakuşinaya ilə bu gün saat 19:00-da döyüşəcək.