Bu gün Bakı-2015 Avropa Oyunlarında taekvondo yarışları başa çatacaq.
Yarışların son günündə ağır çəkili taekvondoçular mübarizə aparacaqlar. Kişilər +80, qadınlar +67 kq çəki dərəcəsində yarışacaqlar.
Kişilər
İlkin mərhələdən azad olan yığmamızın lideri Radik İsayev (+80 kq)1/4 finalda Jeron Vanruiju (Hollandiya) sınağa çəkib. Görüş dünya çempionumuzun qələbəsi ilə başa çatıb. O, 8:6 hesabı ilə qalib gələrək, 1/2 finala vəsiqə qazanıb. İsayev ikinci görüşündə sloveniyalı İvan Traykoviçlə üz-üzə gəlib. Təmsilçimiz bu rəqibini də çempionluq mübarizəsindən kənarlaşdırmaqda çətinlik çəkməyib. Radik ikinci hissənin gedişində 15 xal fərqi ilə önə keçdiyindən (17:2) döyüş yarımçıq dayandırılıb və dünya çempionumuz finala vəsiqə qazanıb.
Qadınlar
Millimizin medal ümidlərindən olan 21 yaşlı Mariya Tedeyeva ilk döyüşündə təcrübəli rəqiblə qarşılaşıb. İlkin mərhələyə təsadüf edən döyüşdə 27 yaşlı ukraynalı Marina Koniyevanı sınağa çəkən təmsilçimiz 2 dəfə hesabda öndə olsa da, yekunda məğlubiyyətə üzülüb – 4:10. Koniyeva isə yarımfinalda uduzduğundan Tedeyeva təsəlliverici görüşlərə qatılmaq şansını itirib.
Qeyd edək ki, taekvondo yarışlarının ilk 2 günündə yığmamızın heyətində Ayxan Tağızadə (68 kq) və Milad Beiqi Harçeqani (80 kq) qızıl, Fəridə Əzizova (67 kq) gümüş, Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.