Duşan Zivkoviç: «Sizin könüllülərlə işləmək çox xoşdur»

Duşan Zivkoviç: «Sizin könüllülərlə işləmək çox xoşdur»



Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili diqqət mərkəzindədir. Oyunlar Avropa qitəsinə aid olsa da, bütün dünya bu idman tədbirindən danışır. Oyunların keçirilməsi eyni zamanda bir qayda olaraq, könüllülərin işi ilə də əlaqədardır.
Birinci Avropa Oyunlarını hər an diqqət mərkəzində saxlayan və bu yarışların işıqlandırılmasına böyük diqqət yetirən «olimpnews. az» saytı və «Olimpiya dünyası» qəzeti bu dəfə Bakı Su idmanı Sarayında fəaliyyət göstərən könüllülərin işi ilə yaxından maraqlandı. Müsahibimiz Oyunlar ərzində adı çəkilən idman qurğusunun media üzrə meneceri Duşan Zivkoviç oldu. Onunla müsahibədə bizə media mərkəzinin supervayzeri Lalə Rəsulova və könüllülərdən biri Nərgiz Rufullazadə yaxından köməklik göstərdi.


- Birinci Avropa Oyunlarında iştirak etməyiniz necə baş verdi?

- Mən uzun müddət bu sahədə fəaliyyət göstərmişəm. Bakı-2015 mənim üçün ilk sınaq deyil. Bundan əvvəl Soçidə keçirilən qıh Olimpiya oyunlarında işləmişəm. O ki qaldı, bu Oyunlara iştirak etməyimə, mən bu böyük idman tədbirində işləmək üçün müraciət etdim. Bakı Avropa Oyunları Əməliyyatlar Komitəsinə göndərdiyim müraciət tezliklə müsbət qarşılandı. Ola bilsin ki, həmin qurumda işləyən peşəkarlar mənim təcrübəmi əsas götürüblər. Artıq 11 aydır ki, Bakıdayam. Bakı mənim üçün doğma bir məkana çevrilib.

- Bir qədər də buradakı fəaliyyətinizdən danışardınız.

- Qeyd edim ki, mən burada mətbuatla idmançılar arasında vasitəçiyəm. Həmkarlarınızın hər biri üçün lazımi qədər köməklik göstərməyə çalışıram. Təbii ki, burada tək deyiləm. Mənimlə birlikdə gördüyünüz bu xanımlar dayanmadan işləyirlər. Mənim işimin qurulmasında onların müstəsna rolu var.

- Qeyd etdiniz ki, Soçi olimpiadasında da bu sahədə işləmisiniz. Rusiyalı könüllülərlə bizim könüllülər arasında hansı fərqlər var?

- Hesab edirəm ki, heç bir fərq yoxdur. Könüllü hər bir yarışda könüllüdür. Onların işi demək olar ki, eynidir. Sizin könüllülərlə işləmək daha xoşdur. Bunu burada olduğum üçün demirəm. Gülərüz, mehriban və savadlı kollektivlə işləmək mənə böyük zövq verir.

- Oyunlardan sonra Bakı hansı xatirələrlə yadda qalacaq?

- Bakı indiyə qədər gördüyüm şəhərlər arasında müqayisəolunmaz bir şəhər təsiri bağışladı. İnsanlar çox qonaqpərvərdirlər. Sərbəst və təhlükəsiz istənilən yerdə ola bilirəm. Ölkəniz Avropa Oyunlarına  yüksək səviyyədə hazırlaşıb. Qısa müddət ərzində bu cür mötəbər yarışa ev sahibliyi etmək çox çətindir. Ölkə rəhbərliyinizin idmana göstərdiyi diqqət və qayğı müqayisə edilə bilməz. Mən bundan sonra hansı ölkəyə getsəm, bu barədə ağız dolusu danışacağam.


Anar