Bakı-2015 I Avropa Oyunlarında qadın voleybolçular arasında qrup mərhələsinin IV turunun oyunları keçirilir. Bakı Kristal Zalında təşkil edilən görüşlərdən sonra daha bir neçə dörddə birə vəsiqə alan finalçı müəyyənləşib.
"Olimpnews/az" xəbər verir ki, bu günə qədər A qrupunda yalnız Azərbaycan və Serbiya yığmaları növbəti mərhələyə adlaua biliblər. Qrupda itkisiz irəliləyən Azərbaycan millisi iyunun 19-da Belçikanı sınağa çəkib. Aleksandr Çervyakovun yetirmələri 1/4 finala vəsiqəni özlərinə təmin etsələr də, liderliyi möhkəmlətmək onlar üçün çox vacib idi. Tərəflər arasında gərgin keçən qarşılaşma tay-brekə qədər uzanıb. Son setdə daha güclü çıxış edən Azərbaycan millisi rəqibi üzərində çətin qələbə qazanıb. Komandamız qrupda ilk dəfə xal itkisinə məruz qalıb: hesab 3:2 ilə nəticələndiyindən, yığmamız aktivinə 3 yox, 2 xal yazdırıb. Buna baxmayaraq, komandamız ardıcıl 4-cü qələbəsini qazanaraq, son turdan əvvəl liderliyini qoruyub.
A qrupunda çıxış edən Türkiyə yığması inamla yarışıb. Türk qadın voleybolçuları autsayder Rumıniyanı məğlub edərək, növbəti mərhələdə iştirak hüququna yiyələniblər. İtaliyaya heç bir şans verməyən Polşa yığması da adını 1/4 finalçılar sırasına yazdırıb.
B qrupunda isə ilk iki sırada qərarlaşan Serbiya ilə Hollandiyanın oyununa maraq böyük idi. Rəqib üzərində çətin qələbə qazanan hollandlar da növbəti mərhələ vəzifəsinin öhdəsindən gəliblər. Məğlubiyyətə baxmayaraq, Serbiya liderliyini qoruyub.
Voleybol
Qadınlar, IV tur
A qrupu
Rumıniya – Türkiyə - 0:3 (16:25, 22:25, 19:25)
Polşa – İtaliya - 3:0 (25:17, 25:18, 25:23)
Azərbaycan – Belçika - 3:2 (25:21; 22:25, 25:20, 21:25, 15:6)
B qrupu
Bolqarıstan – Xorvatiya - 1:3 (23:25, 23:25, 25:15, 23:25)
Serbiya – Hollandiya - 2:3 (25:20, 22:25, 28:26, 16:25, 9:15)
Almaniya – Rusiya - 2:3 (26:24, 9:25, 20:25, 25:22, 10:15)