Teymur Məmmədov qızıl medal uğrunda

Teymur Məmmədov qızıl medal uğrunda


Iyunun 25-də Bakı-2015 I Avropa Oyunlarında boks üzrə yarışların yarımfinal mərhələsinə yekun vurulacaq. Bu gün həm də finallara start veriləcək. Beləliklə, gün ərzində 10 çəkidə döyüşlər keçiriləcək. Bu çəki dərəcələrinin 5-də finala vəsiqə qazananların, digər 5-də qaliblərin adı bəlli olacaq.
Boksçumuz Teymur Məmmədov komandamıza qızıl medal qazandıra bilər. Daha 4 idmançımızdan da medal gözləyirik.

Kişilər
Yarımfinallar
52 kq

Ardıcıl iki rəqibini məğlub edərək yarımfinala qədər irəliləyən Elvin Məmişzadə final yolunda son görüşünə bu gün çıxacaq. Yeniyetmələr və gənclər arasında Avropa çempionunun rəqibi almaniyalı Hamza Tuba olacaq. Döyüş saat 13:30-da start götürəcək.

64 kq

Üç inamlı qələbə sayəsində adını yarımfinala yazdıran Lorenzo Sotomayor yarımfinalda Ukrayna təmsilçisinə rəqib olacaq. İdmançımızın Viktor Petrovla qarşılaşması saat 14:15-ə təsadüf edəcək.

+91 kq

Avropa Oyunlarında qızıl medal qazanacağına ən çox ümid bəslənilən Məhəmmədrəsul Məcidov yarımfinalda özündən 7 yaş kiçik Qasan Gimbatovla (Rusiya) qarşılaşmalı olsa da, döyüş baş tutmayacaq. İkiqat dünya və Avropa çempionumuz zədə səbəbindən bu gün qarşılaşmaya çıxmayacaq və rəqibi finala yüksələcək. Bu gün təmsilçimizin bürünc medal alması rəsmiləşəcək.

Final
81 kq

İlk 4 döyüşündə rəqib tanımayan Teymur Məmmədov bu gün boks yığmamıza ilk qızıl medalı qazandıra bilər. Bunun üçün yarımfinalda rusiyalı Pavel Silyaginə çətin anlar yaşadan Olimpiya oyunlarının bürünc mükafatçısı, Avropa çempionu və dünya ikincisi həlledici görüşdə italiyalı Valentino Manfredoniaya da gücünü göstərməlidir. Final görüşü saat 19:00-da başlayacaq.

Qadınlar
54 kq

Yığmamızın liderlərindən Anna Əlimərdanova Avropa Oyunlarında ikinci döyüşünə çıxacaq. Boksçumuz yarımfinalda Rusiya idmançısı Yelena Saveleva ilə görüşəcək.
Qeyd edək ki, artıq boks yığmamızın aktivində 1 bürünc medal var.