İyunun 26-da Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) "Zəfər Günləri” nin növbəti tədbiri keçirildi.
Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, millət vəkili Hadı Rəcəbli, Olimpiya çempionu Fərid Mansurov və "Neftçi” İdman Klubunun rəhbəri Sadıq Sadıqov, dünən medal qazanan idmançılar, KİV nümayəndələri iştirak edirdilər.
Çingiz Hüseynzadə çıxışında idmançılarımızın dünənki çıxışından razı qaldığını bildirdi və dedi: "Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranması günüdür. Bu münasibətlə xalqımızı təbrik edirəm. İdmançılarımız arasında hərbçilər də var və onlar uğurlu çıxışla bizi sevindiriblər”. Sonra çıxış edən Hadı Rəcəbli idmançılarımızı qələb münasibətilə təbrik etdi.
Çıxışlardan sonra MOK rəsmiləri qızıl mükafat qazanan Teymur Məmmədov (boks, 81 kq), gümüş medalçılar Orxan Səfərov (cüdo, 60 kq) və Sevil Bünyatova (qılıncoynatma, sablya), həmçinin bürünc mükafatçılar Sevinc Bünyatova (qılıncoynatma, sablya) və Tayfur Əliyevi (boks, 56 kq) mükafatlandırdılar.
Daha sonra xüsusi şərəf lövhəsinə imza atan idmançılarımıza hədiyyələr təqdim olunub.