Avropa Oyunları çərçivəsində günün yarımfinal oyunlarında Rusiya yığması Sloveniyanı məğlub edərək finala yüksəlib. Yarışdan dərhal sonra Rusiya komandasının oyunçuları İlya Aleksandrov və Andrey Kanigin təəssüratlarının "olimpnews.az” saytı ilə bölüşdülər:
İlya Aleksandrov,
Kişilərdən ibarət Rusiya basketbol yığmasının oyunçusu,
- Yarışdan çox razıyıq. Çünki qələbə bizim oldu. Görüşün əvvəlindən rəqibə göz açmağa imkan vermədik. Avropa Oyunlarına çox yüksək səviyyədə hazırlaşırdıq. Çalışırıq ki, bu yarışlarda bizə göstərilən etimadı doğruldaq. Basketbol 3x3 oyunlarının proqrama daxil edilməsi çox müsbət haldır və düşünürəm ki, gələcəkdə bu növün inkişafına böyük təkan verəcək.
Atletlər Kəndində idmançılar üçün hər bir şərait yaradılıb. Məşq etmək və rahat dincəlmək üçün yaradılan imkandan razıyıq və buna görə Azərbaycan dövlətinə və xalqına minnətdarlığımı bildirirəm.
Andrey Kanigin,
Kişilərdən ibarət Rusiya basketbol yığmasının oyunçusu,
- Komandamız qalib gəldiyi üçün çox şadam. Avropa Oyunlarında iştirak etməkdə məqsədimiz çempion adını qazanmaqdır. Rəqiblərimiz kifayət qədər güclü idilər və bu qarşılaşmada qalib gəlmək heç də asan məsələ deyildi. Bu, idmandır. Hər şey ola bilər. Amma çalışacağıq ki, oyunların qalibi adını qazanaq. Yarışda bizi dəstəkləyən bütün tamaşaçılara minnətdarlığımız bildirirəm.