Daha iki boksçumuz qızıl medal qazandı

Daha iki boksçumuz qızıl medal qazandı


Bu gün Bakı-2015 I Avropa Oyunlarında boks yarışlarının daha 10 çəki dərəcəsində döyüşlər baş tutub.
Kişi boksçular 7, qadınlar 3 çəkidə mübarizə aparıblar. 10 çəki dərəcəsinin 5-də yarımfinal, 5-də final qarşılaşmaları keçirilib. Aktivində 1 qızıl və 3 bürünc medalı olan yığmamızın üzvləri bu gün daha 2 qızıl medal əldə ediblər. Elvin Məmişzadə və Lorenzo Sotomayor fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Boks üzrə ikinci qızıl medalın sahibi olan Elvin Məmişzadə (52 kq) finalda italiyalı Vinçenzo Pikkardidən güclü olub. Olimpiya Oyunlarının və dünya çempionatının bürünc medalçısı çox çalışsa da, Məmişzadənin zərbələri qarşısında tab gətirə bilməyib. Rəqibini 3:0 (30:27; 30:27; 30:27) hesabı ilə məğlub edən həmyerlimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, Azərbaycan millisinin 16-cı qızıl medalı, ümumilikdə isə 48-ci medalı olub.
64 kq-da finala qədər döyüşdüyü 4 rəqibini böyük hesabla üstələyən Lorenzo Sotomayor həlledici görüşdə də ümidləri doğruldub. London-2012-nin bürünc medalçısı Vinçenzo Manqiakapre ilə qüvvəsini sınayan Kuba əsilli boksçumuz inamlı qələbə sayəsində qızıl medala layiq görülüb. O, final qarşılaşmasını 3:0 (29:28; 29:28; 29:28) hesabı ilə xeyrinə bitirib. Bu, boks komandamızın 3-cü, yığmamızın isə 17-ci qızıl medalı olub.
60 kq-da inamla irəliləyən Yana Alekseyevna yarımfinalda olduqca çətin rəqiblə qarşılaşıb. Təmsilçimiz Olimpiya çempionu, dörd dəfə dünya və beş dəfə Avropa çempionatının qalibi Keti Teylorla (İrlandiya) döyüşüb. Gərgin keçən qarşılaşma daha təcrübəli rəqibin çətin qələbəsi ilə yekunlaşıb. İrlandiyalı boksçu 2:1 hesabı ilə qalib gəlib.
Alekseyevna yarımfinalda mübarizəni dayandırdığından bürünc medalla kifayətlənib. Bu, boks komandamızın 5-ci, ümumilikdə Azərbaycan millisinin 47-ci mükafatı olub.
Qeyd edək ki, bunadək boksçularımızdan Teymur Məmmədov qızıl, Tayfur Əliyev, Anna Əlimərdanova, Məhəmmədrəsul Məcidov bürünc medallara sahib çıxmışdılar.
Həmçinin, yarımfinalda iştirak edən 5 boksçumuzdan 4-ü həlledici görüşə vəsiqə qazanıb.
60 kq-da təcrübəli Albert Səlimov yarımfinalda gənc rəqibi Sin Makkombuya (İrlandiya) 3:0 (29:28; 30:27; 29:28) hesabı ilə qalib gələrək finalda iştirak hüququ qazanıb. Rio Olimpiadasına lisenziyanı təmin edən Səlimov həlledici görüşdə Sofian Oumina (Fransa) ilə qüvvəsini sınayacaq. Final döyüşü sabah saat 18:15-keçiriləcək.
69 kq-da Pərviz Bağırov da finala vəsiqə üçün döyüşüb. Onun yarımfinaldakı rəqibi böyük britaniyalı Joş Kelli olub. Avropa çempionumuz bu döyüşdə qələbə qazanıb. İdmançımız rəqibinə heç bir şans verməyərək, 3:0 (29:28; 30:27; 30:27) hesabı ilə finala vəsiqəni təmin edib. Öoksçumuz çempionluq üçün rusiyalı Aleksandr Besputinlə üz-üzə gələcək. Bu döyüş sabah saat 18:45-də olacaq.
75 kq-da millimizin aparıcı üzvlərindən Xaybula Musalov yarımfinalda Macarıstan təmsilçisi Zoltan Harksa ilə üz-üzə gəlib. Boksçumuz 2:1 (29:28; 29:28; 27:30) hesabı ilə məğlub edən Musalov da finala yüksəlib. O, sabah saat 19:15-də həlledici görüşdə Mixael O Reylli (İrlandiya) ilə quvvəsini sınayacaq.
91 kq-da yığmamızın daha bir üzvü Abdulqadir Abdullayev də finala vəsiqə qazanıb. O, çempionluq yoluna davam etmək üçün rusiyalı Sadam Maqomedovi mübarizədən kənarlaşdırıb. Təmsilçimiz rəqibini 3:0 (29:28; 29:28; 29:28) hesabı ilə məğlub edib.
O, həlledici görüşdə ukraynalı Qevorq Manukyanla döyüşəcək. Görüş sabah saat 19:45-də başlayacaq.