İyunun 26-da Bakı-2015 Avropa Oyunları çərçivəsində həmçinin para-cüdoçular da mübarizəyə başlayıblar.
2 çəki dərəcəsi üzrə təşkil oluna yarışda komandamız 3 idmançı ilə təmsil olunub.
İlham Zəkiyev, Zakir Mislimov və Səbinə Abdullayeva medallar uğrunda mübarizəyə başlayıblar. Çəkisi +90 kq olan kişilərin yarışında yığmamızı ikiqat paralimpiya çempionu, ikiqat dünya çempionu və beşqat Avropa çempionu İlham Zəkiyev təmsil edib. Təcrübbəli idmançımız yarışlara yarımfinal mərhələsindən başlayıb. O, bu mərhələdə yunanıstanlı Klimis Papaçristosla güləşib. Rəqibini üstələmək üçün İlham Zəkiyevə cəmi 27 saniyə kifayət edib. Həlledici mərhələdə ukraynalı Aleksandr Pominovla mübarizə aparıb və görüşdə qalib gələrək, milli komandamıza 18-ci qızıl medal sevincini yaşadıb.
Bu çəki dərəcəsində tatamiyə çıxan digər paracüdoçumuz Zakir Mislimov mübarizəyə 1/4 finaldan başlayıb. İlk görüşdə ukraynalı Aleksandr Pominovla qarşılaşan idmançımız məğlub olub. Buna baxmayaraq, o, təsəlliverici görüşlərdə iştirak etmək hüququ qazanıb. Bürünc medal uğrunda görüşdə fransalı Julyen Taurineslə qarşılaşan Zakir ipponla qalib gəlib. O, 3-cü yer uğrunda görüşdə İlham Zəkiyevin məğlub etdiyi Klimis Papakristosu sınağa çəkib. Zakir Mislimov bu qarşılaşmada rəqibini medaldan məhrum edib.
Qadınlar arasında yarışda isə ölkəmizi 57 kq çəki dərəcəsidə millimizin aparıcı üzvlərindən Səbinə Abdullayeva təmsil edib. Yarışa 1/4 finaldan başlayan təmsilçimiz ilk görüşdə ispaniyalı Maria Merensiano mübarizədən kənarlaşdırıb. İdmançımız ipponla qalib gələrək, yarımfinala yüksəlib. Növbəti mərhələdə ukraynalı Nataliya Nikolayçiklə qarşılaşan Səbinə Abdullayeva rəqibini məğlub edərək finala yüksəlib. Həlledici mərhələdə daha bir ukraynalı idmançı İnna Çernyakla qarşılaşan təmsilçimiz gümüş medala layiq görülüb.