Bu gün Bakı-2015 I Avropa Oyunlarında boks yarışlarına yekun vurulacaq.
Son yarış günündə daha 5 çəki dərəcəsində final qarşılaşması keçiriləcək.
Azərbaycan boksçuları 4 çəki dərəcəsində həlledici görüşə çıxacaqlar. Onlar yığmamızın aktivində olan medalların əyarını yaxşılaşdırmağa çalışacaqlar.
Boks
Kişilər
60 kq
Finala qədər bütün rəqiblərini 3:0 hesabı ilə üstələyən Albert Səlimov həlledici görüşdə Sofian Oumina ilə döyüşüb. Rio Olimpiadasına lisenziyanı təmin edən boksçumuz fransalı rəqibinin də sevinməsinə imkan verməyib. Uğurlu seriyasını davam etdirən Səlimov bu dəfə də 3:0 (29:28; 30:27; 29:28) hesablı qələbə sayəsində çempion tituluna yiyələnib.
Bununla da, boks komandamız 4-cü, yığmamız isə 19-cu "qızıl"ı rəsmiləşdirib.
69 kq
Gənclər arasında qitə çempionu olan Pərviz Bağırov da Avropa Oyunlarının qızıl medalına yiyələnib. "Neftçi" İdman Klubu"nun üzvü olan həmyerlimiz finalda rusiyalı Aleksandr Besputindən üstün olub. Gənc boksçumuz rəqibini 3:0 (29:28; 29:28; 30:27) hesabı ilə məğlub etməklə, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, boksçularımızın qazandığı 6-cı, yığmamızın 21-ci qızıl medalıdı.
75 kq
Bu çəkidə ölkəmizi təmsil edən Xaybula Musalovu finalda çətin sınaq gözləyir. İdmançımız gənclər arasında bir neçə mükafata nail olmuş 22 yaşlı Maykl O Reylli ilə üz-üzə gələcək. Xaybula irlandiyalıya qarşı 19:15-də rinqə çıxacaq.
91 kq
İnamlı qələbələrlə finala qədər irəliləyən Abdulqadir Abdullayev üçün həlledici görüşün prinsipial xarakterli olması gözlənilsə də, o, rinqə çıxmadan qalib elan olunub. Səbəb Ukraynanı təmsil edən erməni əsilli Qevorq Manukyanın sağlamlığında problem yarandığı üçün döyüşdən imtina etməsidi. Nəticədə Abdullayev boks komandamıza 5-ci, ölkəmizə 20-ci çempionluq sevinci yaradıb.
Qeyd edək ki, boks yığmamızın aktivində 3 qızıl, 3 bürünc medal var. Komandamızın üzvlərindən Elvin Məmişzadə (52 kq), Lorenzo Sotomayor (64 kq) və Teymur Məmmədov (81) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, Tayfur Əliyev (56 kq), Məhəmmədrəsul Məcidov (+91 kq) və Anna Əlimərdanova (54 kq) 3-cü yeri tutub.