Pedro Roki Otano: «Boksçularımızdan 7 qızıl medal gözləyirdim»

Pedro Roki Otano: «Boksçularımızdan 7 qızıl medal gözləyirdim»




Bu gün «Olimpiya dünyası» qəzetinin əməkdaşları Bakı-2015 Avropa Oyunlarında yerli və xarici idmançıların yaşadıqları Atletlər kəndində olublar. Onlar bir sıra idmançılar, mütəxəssislərlə görüşüblər. Qəzetin əməkdaşları Atletlər kəndində Azərbaycan idmançılarının məskunlaşdıqları mənzillərə də baş çəkiblər. Orada olarkən boks üzrə Azərbaycan yığma komandasının baş məşqçisi kubalı Pedro Roki Otano ilə maraqlı söhbətimiz oldu. Qeyd edək ki, kubalı mütəxəssis 40 ildən çoxdur ki, məşqçiliklə məşğuldur. Karyerası ərzində müxtəlif ölkələrdən olan 35 idmançı onun sayəsində Olimpiya medalı qazanıb ki, bunlardan 11-i qızıldır. Eyni zamanda onun aktivində yetirmələrinin dünya çempionatlarında qazandığı 43 medal var. 5 Olimpiya Oyunlarının iştirakçısı olan məşqçi ötən ilin sonlarından boks üzrə yığma komandamıza təyin olunub. Federasiya rəhbərliyi tərəfindən onun qarşısına qoyulan məqsəd idmançılarımızı növbəti Olimpiya Oyunlarına yüksək səviyyədə hazırlamaqdır.

- Boks üzrə yığma komandamız I Avropa Oyunlarında yüksək uğur qazandı. Dəri əlcək ustalarımızın çıxışları ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.

- Komandanın hazırlığı yüksək səviyyədə idi. Bu il idmançılarımız bir sıra yarışlarda iştirak etmiş, gərgin məşqlər keçmişdilər. Əldə olunan nəticə komandanın yüksək səviyyəli hazırlığını nümayiş etdirdi.


- Məşqçi kimi Azərbaycana dəvət olunanda qarşınıza hansı məqsədlər qoyulmuşdu?

- Keçən ilin oktyabrında Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərovla görüşümüz oldu. Kəmaləddin müəllim məndən komanda ilə bağlı planlarımı soruşdu. Mən isə cavab verdim ki, Azərbaycan boksçularını London Olimpiadasında da görmüşəm, çox istedadlıdırlar, amma müəyyən zəif cəhətləri var. Qeyd etdim ki, bu zəiflik, əsasən, idmançıların tez yorulması ilə bağlıdır. Bununla belə bildirdim ki, bu çatışmazlıqları aradan qaldırmaq mümkündür. Mənim əsas məqsədim ilk növbədə komandanın yüksək səviyyəli hazırılığını təmin etmək idi.

- Avropa Oyunlarında boksçularımızdan neçə medal gözləyirdiniz?

- Boksçularımızdan 7 qızıl medal gözləyirdim. Komandanın hazırlığı yüksək olduğundan uğurlu nəticəyə ümid bəsləyirdim.

«Məhəmmədrəsula görə çox heyfsləndim»

- Yığmamızın aparıcı boksçusu, London-2012-nin bürünc mükafatçısı, Məhəmmədrəsul Məcidov zədə üzündən çıxışını davam etdirə bilmədi...

- Məhəmmədrəsula görə çox heyfsləndim. O, ciddi zədə aldığından həkimlər çıxışına icazə vermədilər.

- Sizcə, o çıxışını davam etdirsə idi, qızıl medal qazana bilərdimi?

- İngiltərə boksçusu ilə final qarşılaşması Məhəmmədrəsul üçün çətin görüş olacaqdı. Buna baxmayaraq, mən boksçumuzu qızıl medal ümidi kimi görürdüm. Onun hazırlığı yüksək səviyyədə idi.

«Bu yarışlarda biz gələcəyə doğru böyük bir addım atdıq»

- Ümumilikdə I Avropa Oyunlarının təşkilini necə qiymətləndirdiniz?

- Avropa Oyunlarında Avropanın ən güclü boksçuları iştirak edirlər. Bu yarışlarda biz gələcəyə doğru böyük bir addım atdıq. 10 boksçudan 9-u qızıl medal qazandı. Bizim üçün vacib məqam o oldu ki, qazanılan 9 medaldan heç birində hakimlər bizə əlavə xal vermədilər. İdmançılarımız qələbə üçün çətin mübarizədən keçdilər. Yığma üzvləri hər bir görüşdə təmiz qələbə qazandılar. Bu amil Olimpiya və dünya çempionatına aparan yolumuzu asanlaşdırır. Komandanın heyətində Məhəmmədrəsul Məcidov, Teymur Məmmədov, Cavid Çələbiyev və adlarını çəkmədiyim digər boksçular kimi peşəkar, təcrübəli və ümidverici boksçularımız var.

- Yeri gəlmişkən, 56 kq çəki dərəcəsində Cavid Çələbiyevi gənc boksçu Tayfur Əliyevlə əvəzlədiniz. Bu nə ilə bağlı idi?

- Çavid Çələbiyev AİBA Pro Boxing peşəkar komandasında yer almışdı. O, təcrübəli idmançıdır. Sadəcə olaraq biz bilirdik ki, Avropa Oyunlarına yaxşı komanda ilə qatılırıq. Buna görə də gənc boksçu kimi Tayfura şans verdik. Gələcək yarışlarda kim özünü daha yaxşı göstərsə, o da yarışlarda çıxış edəcək.

«Avropa Oyunları mənə Pekin Yay Olimpiya Oyunlarını xatırladır»


- Atletlər kəndində sizin üçün yaradılan şəraiti necə dəyərləndirirsiniz?

- İndiyədək 5 Olimpiya Oyunları, müxtəlif dünya çempionatları və qitə Oyunlarında iştirak etmişəm. Avropa Oyunlarında yaradılan şərait gördüklərim arasından ən yaxşısıdır. Burada bizim üçün hər cür şərait yaradılıb. Avropa Oyunları mənə Pekin Yay Olimpiya Oyunlarını xatırladır.

Aysel