Türkiyənin qadınlardan ibarət voleybol yığması Bakı-2015 Avropa Oyunlarının finalında Polşa yığması ilə gözəl oyun nümayiş etdirərərək çempion adına layiq görüldü. Qardaş ölkənin qələbəsi münasibətilə Türkiyə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Hasan Arat təəssüratlarını "olimpnews.az” saytı ilə bölüşdü:
- Türkiyə komandasını belə gənc bir heyətlə ilk Avropa Oyunlarının qalibi olduğu üçün təbrik edirəm. Yarışlarda kifayət qədər güclü və təcrübəli komandalar iştirak edirlər. Türkiyə Milli Olimpiya Komitəsinin rəsmisi kimi qızlarımızın bu uğurundan qürur duyuram və sevinirəm ki, Avropa Oyunlarının məhz onlar oldular. Təbii ki, Azərbaycan millisi də yarışlarda yüksək oyun nümayiş etdirdi. İki dövlət, bir millət olaraq komandalarımızın çıxışlarını yüksək qiymətləndirirəm. Təəssüf ki, azərbaycanlı qızlar Avropa Oyunlarında yer qazana bilmədilər. Lakin Türkiyənin qələbəsi elə Azərbaycan xalqının qələbəsidir. Oyunlara Azərbaycan həqiqətən də yaxşı hazırlaşıb. Həm yarış meydancaları, həm Atletlər kəndi bunu deməyə əsas verir.
Düşünürəm ki, Türkiyə Avropa Oyunlarına ev sahibliyi üçün namizədliyini irəli sürsə, Avropa Olimpiya Komitəsi (AOK) buna müsbət qarşılayar. Demək istəyirəm ki, II Avropa Oyunları Türkiyədə keçirilə bilər. Çünki bizim İstanbul, Mersin və Antalyada Oyunlar üçün hazır obyektlərimiz vardır. Bir sözlə, Türkiyə Avropa Oyunlarını minimum vəsait xərcləyərək keçirə bilər. Bununla bağlı son qərarı AOK verəcək.
Səadət
Türkay