"Bir neçə həftə Avropa Oyunları həyəcanını yaşadıq. Çox gözəl keçdi və yüksək səviyyəli yarışlar keçirildi”.
Bu sözləri Avropa Olimpiya Komitəsinin (AOK) Əlaqələndirmə Komitəsinin və Bakı-2015 I Avropa Oyunlarının Koordinasiya komissiyasının sədri Spiros Kapralos deyib.
AOK rəsmisi iyunun 28-də təşkil edilən mətbuat konfransında Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimova, könüllülərə dərin təşəkkürünü bildirib. "Onlar bizə vədr vermişdilər. Amma ondan da yaxşı səviyyədə təşkilatçılığı şahidi olduq. Oyunların uğuru, eyni zamanda innovasiyalarla bağlıdır. Bizdə hətta paralimpiya növü üzrə yarış da keçirildi. 16 idman növünün 12-də Olimpiya təsnifat yarışları baş tutdu. Əlbəttə, idman yarışları Oyunların mərkəzində dururdu. Növlərin birində Amerika rekordu yenilənib. Bu yarışları izləmək çox maraqlı idi. Həmçinin, yeni idman növlərində yarışlar izlədik. Sponsorlar üçün də maraqlı oldu. Gözəl açılış mərasimi oldu. Bağlanış mərasiminin də mükəmməl olacağına inanıram. Avropa Oyunlarındakı bəzi məqamlar gələcəkdə Olimpiya oyunlarında da tətbiq edilə bilər. 50 ölkədən 42-si medal qazandı. Bu, idmanın inkişafı baxımından çox önəmlidir. Bəzi idmançılar ola bilsin ki, Olimpiya oyunlarında iştirak edə bilməsinlər. Amma onlar Avropa Oyunlarında iştirak etməklə, bu təcrübəni yaşadılar. Hazırda bu Oyunların təhlilini aparırıq. Bu təşkilatçılıqdan müəyyən dərslər götürüb, gələcəkdə Olimpiya oyunlarında tətbiq edəcəyik”.
Kapralos həm də Azərbaycanın Avropa Oyunları üçün inşa edilən idman qurğularına ehtiyacı olduğunu bildirib. "Gələcəkdə də ölkədə böyük turnirlər keçiriləcək. Şahmat, cüdo üzrə yarışlar, Avro-2020-nin oyunları burda olacaq. Bu da ölkə gəncləri üçün yaxşı sərmayədir”.