Serbiyanın Prezidenti Tomislav Nikoliç bu ölkənin Bakı-2015 ilk Avropa Oyunlarında medal qazanmış idmançıları və onların məşqçiləri ilə görüşüb.
Görüşdə Prezident Tomislav Nikoliç Serbiya komandasına medal qazandıran atletləri təbrik edib və onlara gələcək karyeralarında uğurlar arzulayıb. O, serbiyalı idmançıların mübarizə əzmini və medal qazanmaqla göstərdikləri şücaəti yüksək qiymətləndirib, Serbiya xalqının onlarla fəxr etdiyini diqqətə çatdırıb. Oyunlarda atıcılıq üzrə qızıl medal qazanmış Andrea Arsoviç qalib idmançılar adından Serbiyanın dövlət başçısına minnətdarlığını bildirib və ölkəni bu yarışlarda təmsil etməkdən qürur hissi keçirdiyini vurğulayaraq deyib: "Ümid edirəm ki, Bakı-2015-də 15 medal qazanmaqla Serbiya yığması xalqımızın gözləntilərini doğruldub. Mübarizə meydanından qalib ayrılmış hər bir serbiyalı idmançı üçün ölkəsinin bayrağını dalğalandırmaq böyük fəxrdir. Xüsusilə Serbiyanın ən güclü idmançıları ilə birgə Bakıdakı Atletlər Kəndində qələbəni bölüşmək möhtəşəm bir hiss idi. Hesab edirəm ki, Bakıda bütün imkanlarımızı nümayiş etdirə bildik”.