Su-Do Peşəkar Əlbəyaxa Döyüş Növləri Cəmiyyətinin təşkilatçılığı ilə Ucar şəhərində peşəkar karate-do üzrə seminar və üçüncü respublika birinciliyi keçirilib. Açılış mərasimində çıxış edən cəmiyyətin prezidenti Sabir Süleyman birinci Avropa Oyunlarının Bakıda təşkilindən söz açıb. O, Oyunların ölkəmizdə keçirilməsinin böyük əhəmiyyət daşıdığını, Oyunların uzun illər yaddaşlarda yaşayacağını deyib. "Avropa Oyunları nəinki ölkəmizin, eləcə də, dünyanın idman tarixində yeni bir səhifədir. Bu Oyunlara Azərbaycan çox yüksək səviyydə hazırlaşmışdı. Bakıda yeni inşa olunan idman qurğuları bütün tələblərə cavab verir. Azərbaycan belə bir mötəbər yarışı keçirməklə bütün dünyaya bir daha sübut etdi ki, bizim dövlətimiz güclüdür, qüdrətlidir”,-deyə o əlavə edib.
Çıxış başa çatdıqdan sonra yarışlara start verilib. 6-7 yaş arasında Əli Təhməzli bütün rəqiblərini üstələyib. Xalid İsgəndərli 8-9 yaşlı idmançıların mübarizəsində heç kimə güzəşt etməyib. 10-11 yaşlı karateçilərin yarışı da gərgin mübarizə şəraitində keçib. Bu yaş qrupunda Osman Cəbrayılov birinci yeri tutub. Gözəl döyüş üslubu ilə fərqlənən İbrahim Süleyman, Əli Cəfərli, Ziyəddin Nağızadə, İsmayıl İsgəndərli, Ömər Abbaslı və Adil Əsgərli mükafatçılar sırasında yer alıblar.