Azərbaycanın ev sahibliyi etdiyi ilk Avropa Oyunlarında ölkəmiz 56 medalla ikinci yerdə qərarlaşdı. Bu böyük uğurdur. Həmvətənlərimiz arasında sorğu keçirib, bu möhtəşəm idman tədbirinin onlarda yaratdığı təəssürat, təmsilçilərimizn çıxışları, Avropa Oyunlarının bizim beynəlxalq aləmdəki statusumuza təsiri haqda fikirlərini öyrəndik.
Nazim Hüseynov, Olimpiya çempionu: - İlk Avropa Oyunları möhtəşəm başladığı kimi, elə də başa çatdı. 21 qızıl medal qazanmaq çox böyük nailiyyətdir. Düzü, cüdoçularımızın çıxışları məni qane etmədi. Amma ümumilikdə həm olimpiyaçılarımız həm də paralimpiyaçılarımız yarışlarda yüksək nəticə göstərdilər. Xüsusilə İlham Zəkiyevin çıxışı mənim üçün çox yaddaqalan oldu. Azərbaycan bu möhtəşəm idman bayramına uğurla ev sahibliyi etməklə, Olimpiya oyunlarini keçirməyə qadir olduğunu sübut etdi.
Əfsanə Bayramqızı "Xalq qəzeti”nin əməkdaşı: - İlk Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi nəinki jurnalist, bir vətəndaş olaraq məndə böyük sevinc və qürur hissi oyatdı. İnanın ki, yarış günlərinin qurtarmasını heç istəmirdim. Bu cür möhtəşəm bir idman tədbirini işıqlandırmaq mənə də qismət olduğuna görə özümü çox xoşbəxt sayıram. İdmançılarımızın da çıxışları məni çox sevindirir. Yarışları həm canlı, həm də həm də efir vasitəsilə izləyirdim. "Kristal hall”a taekvondo yarışlarını canlı izləmişdim. Çempionumuz Ayxan Tağızadənin qələbəsi məni çox sevindirdi. Onun çıxışlarını böyük həyəcanla izləyirdim və idmançımıza qızıl medal təqdim olunanda sevincdən göz yaşlarıma hakim ola bilmədim. İlk Avropa Oyunları nəinki, Azərbaycana, bütün Avropa idmanına töhfə verdi. Deyərdim ki, bununla Avropa idmanında yeni bir mərhələ başlandı.
Vaqif Məmmədov, "Azərbaijan Engineering Services”-in direktoru: - Mən deyərdim ki, Avropa Oyunları düz on yeddi gün əsil bayram əhval-ruhiyyəsi ilə davam etdi. Heç kim təsəvvür edə bilməzdi ki, Azərbaycan Avropa Oyunlarına bu cür möhtəşəm ev sahibliyi edəcək. İdmançılarımızın çıxışlarını mütamadi izləyirdim. Xüsusilə güləşçimiz Toğrul Əsgərovun parlaq qələbəsi mənə böyük sevinc hissi bəxş etdi. Digər idmançılarımızın da çıxışları məni qane etdi. Əlbəttə, bu, cənab Prezidentin idmana göstərdiyi diqqətin nəticəsidir. Əminəm ki, bu cür diqqət və qayğı ilə biz həmişə idmanda öz sözümüzü deyəcəyik.
Mətin Bayramov, aptek müdiri: - İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi heç də təsadüfi qərar olmayıb. Ölkəmiz uğurlu ev sahibliyi ilə bunu sübut etdi.Həm təşkilatçılıq, həm də idmançılarımızın çıxışları yüksək səviyyədə baş tutdu. Ümumkomanda hesabında yalnız Rusiya kimi çox qüdrətli bir idman ölkəsindən geri qaldıq. Bu çox böyük nailiyyətdir. İdmançılarımızım çıxışlarını izləyirdim. Uğurlu çıxışlarına görə bütün idmançılarımıza öz təşəkkürümü bildirirəm. Amma paralimpiyaçı cüdoçumuz İlham Zəkiyevin qələbəsini xüsusi qeyd etmək istəyirəm. O, çempion olması ilə bir daha paraolimpiyaçı tatami ustaları arasında öz çəki dərəcəsində dünyada və Avropada ən güclü olduğunu bir daha sübut etdi.
Süleyman Məmmədov, Türkiyə vətəndaşı: - Azərbaycan Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməklə ona göstərilən etimadı doğrultdu. Çox istərdim ki, Bakıya gəlib idmançılarımızın çıxışlarını arenalardan izləyim, onlara mənəvi dəstək olum, əfsuslar olsun ki, alınmadı. Buna baxmayaraq, təmsilçilərimizin çıxışlarından xəbərdar olurdum. Idmançılarımız da bizi məyus etmədilər. Xarici ölkə nümayəndələri, qonaq idmançılar, ilk Avropa Oyunlarına izləməyə gələn turistlər idmanımızın inkişafı ilə yanaşı, qədim tariximizlə, tarixi abidələrimizlə, maraqlı adət-ənənələrimizlə tanış oldular. Zənnimcə, Avropa Oyunlarına ev sahibliyi etməyin bizim üçün ən mühüm faydalarından biri bu oldu. Gələcək illərdə keçiriləcək yarışlarda Azərbaycana yeni-yeni uğurlar arzulayıram.
Eldar Əliyev, Dövlət İqtisad Universitetin tələbəsi: - Bu idman bayramı ilə Azərbaycanın idman ölkəsi olması fikri bir daha təsdiqləndi. Əlbəttəki, bir vətəndaş kimi idmançılarımıza dəstək olmaq üçün yarışları canlı izləyirdim. Rafael Ağayev, Mariya Stadnik, Teymur Məmmədov kimi idmançılarımızın uğurlu çıxışları məni çox sevindirirdi. İdmançılarımız hər dəfə bayrağımızı dalğalandıranda qürur hissi ilə onları alqışlayırdım. Onu da deyim ki, bütün dünya Avropa Oyunlarına böyük maraq göstərirdim. Bunun bariz nümunəsidir ki, Çin, Yaponiya, İndoneziya kimi Asiya ölkələrindən də turistlər ölkəmizə təşrif buyurmuşdular. İnanıram ki, Azərbaycan 2017-ci ildə keçiriləcək İslam Həmrəyliyi Oyunlarına da bu cür yüksək səviyyədə ev sahibliyi edəcək.
Kənan Novruzov